Niderland, İtaliya və Belçika Ukraynaya əlavə 155 mm-lik tırtıllı haubitsalar çatdıracaq

Niderland, İtaliya və Belçika Ukraynaya əlavə 155 mm-lik tırtıllı haubitsalar çatdıracaq

Niderland, İtaliya və Belçika Ukraynaya əlavə texnikaların təhvil verilməsi ilə bağlı razılığa gəliblər. Çatdırılacaq texnikalar ABŞ-ın M109 və ya Almaniyanın PzH-2000 özüyeriyən artilleriya qurğularıdır (ÖAQ).

“Poliqon” xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Con Kirbi müsahibəsi zamanı bildirib.

O qeyd edib ki, Ukrayna M109 özüyeriyən haubitsalarını vurğulayır, çünki onlar yedəyə alınan M777 haubitsaları ilə müqayisədə döyüş meydanında daha çox mobillik və ballistik müdafiə təmin edir. Buna görə də Niderland, İtaliya və Belçika bu tip silahların təhvil verilməsinə razılıq verib. Onlar ya ABŞ-ın M109, ya da Almaniyanın PzH-2000 ÖAQ-ı olacaq. Lakin M109 ÖAQ-ın hansı versiyasından söhbət getdiyi hələlik məlum deyil.

Con Kirbi onu da bildirib ki, ABŞ-dan olan təlimçilər hazırda ukraynalı artilleriyaçılara təlim keçir. İndiyədək 220 nəfərdən çox ukraynalı hərbçi M777 haubitsasında təlim keçib, 150 nəfərdən çoxu isə təlimlərini davam etdirir. Açıq mənbələrdə dərc olunan məlumatlara görə, ABŞ Ukraynaya cəmi 90 ədəd 155 mm-lik M777 yedəyə alınan haubitsa verməyi planlaşdırıb. M777 haubitsalarının müəyyən bir hissəsi isə Kanada və Avstraliyadan gələcək.

Qeyd edək ki, 155 mm çaplı M777 haubitsası Ukrayna ordusunun döyüş artilleriya bölmələrinə verilib və artıq haubitsalardan istifadə edilir. Onların işini göstərən videoçarx ukraynalı jurnalist Yuri Butusov tərəfindən nümayiş olunub.

Con Kirbi həmçinin bildirib ki, AN/MPQ-64 “Sentinel” hava hücumundan müdafiə radar sisteminin istifadəsi üzrə də təlimlər keçirilir və artıq 15 nəfər hərbçi təlimi başa vurub.

Bundan başqa, Ukrayna Müdafiə Qüvvələrinin döyüşçüləri M113 zirehli transportyorlarını da mənimsəyir. Artıq 60 nəfər təlimi başa vurub, daha 50 nəfər isə təlimlərini davam etdirir.

Eləcə də Ukrayna hərbçilərinin PzH-2000 ÖAQ divizionu alacağı da məlumdur. Belə ki, Niderland Ukraynaya açıqlanmayan sayda 155 mm-lik PzH-2000 tırtıllı özüyeriyən haubitsaların tədarükünü təsdiqləyib, bunun ardınca Almaniya da öz hərbi inventarından PzH-2000 ÖAQ-ı tədarük etmək barədə qərar qəbul edib. Beləliklə, sonradan açıqlanan məlumatlara əsasən 7 ədəd ÖAQ-ın Almaniya, digər 5 ədəd ÖAQ-ın isə Niderland tərəfindən göndəriləcəyi məlum olub (Almaniya hökuməti Ukraynaya PzH-2000 ÖAQ tədarük edəcək).

Mayın əvvəlində Norveç Ukraynaya 155 mm-lik tırtıllı özüyeriyən haubitsalar tədarük etmək niyyətini açıqlayıb. Bu M109 ÖAQ-ın təkmilləşdirilmiş M109A3GN variantıdır (Norveç Ukraynaya hərbi yardımları davam etdirir). Yenilənmiş artilleriya qurğusunda atış məsafəsini artırmağa imkan verən yeni lülə quraşdırılıb.

Bunlarla yanaşı Fransa da 155 mm çaplı CAESAR təkərli özüyeriyən haubitsalarını (SP) Ukraynaya göndərib (Fransa Ukraynaya CEASAR özüyeriyən haubitsaları verəcək).

İtaliya isə 155 mm-lik PzH-2000 tırtıllı haubitsalarını Ukraynaya tədarük edib (İtaliya Ukrayna Ordusunu HHM sistemləri və minaatanlarla təmin edəcək).

Bir müddət əvvəl Belçika keçmişdə öz ordusunun silahlanmasında olan 155 mm-lik M109 ÖAQ-ı Ukraynaya çatdırmaq variantı üzərində düşündüyü açıqlayıb (Belçika Ukraynaya hərbi yardımını davam etdirəcək).

155 mm-lik M109 ÖAQ ABŞ və bir sıra digər ölkələrin ordularında silahlanmada olan ABŞ-ın tırtıllı zirehli şassiyə əsaslanan özüyeriyən artilleriya sistemidir. O, 1960-cı illərin əvvəllərində M41 “Walker Bulldog” yüngül tankına əsaslanan M44 özüyeriyən topu əvəz etmək üçün hazırlanıb. M109 ÖAQ-ın əsas silahlanması M127 dəzgahında quraşdırılmış 1 ədəd 155 mm-lik M126 haubitsadan ibarətdir. O, adi döyüş sursatları ilə 18 km və müstəqil hərəkət üçün özündə RAP (Rocket assisted projectile) raket mühərrikini birləşdirən artilleriya mərmisi ilə 30 km effektiv atış məsafəsinə malikdir. 1962-ci ildən 2003-cü ilə qədər ABŞ hərbi sənaye kompleksinin müəssisələrində seriyalı istehsalda olub. İstehsal zamanı dəfələrlə təkmilləşdirilib və keçən əsrin 90-cı illərində Cənubi Koreyada lisenziya əsasında istehsal edilib.

155 mm-lik PzH-2000 ÖAQ özündə “Leopard-2” tankının qovşaq və aqreqatları əsasında qurulmuş tırtıllı şassi üzərində qapalı tipli top-haubitsanı tərənnüm edir. O, 1998-ci ildə Almaniyanın “Krauss-Maffei Wegmann” konserni tərəfindən hazırlanmış özüyeriyən artilleriya qurğusudur. Atış aparmaq üçün NATO ordularında standart olan ayrı doldurumlu atəş yığımlarından istifadə olunur. Top-haubitsa lüləağzı əyləc və ejektorla təchiz edilib, yivli kanalı olan silahın lüləsi 52 çap uzunluğuna və yanma kamerasına malikdir. PzH-2000 ÖAQ 40 kilometrə qədər atəş edə bilən ağır artilleriya qurğusudur.

M109

M109A3GN

Paladin

M109 “Paladin”

PzH

PzH-2000

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS