Türkiyə Ukraynaya “Kirpi” MRAP-lar tədarük edir
Türkiyənin BMC şirkəti “Kirpi” minaya qarşı qorumalı (MRAP) nəqliyyat vasitələrinin ilk partiyasını Ukrayna Ordusuna çatdırıb.
Bu barədə “Poliqon” Ukrayna mediasına istinadən məlumat verib.
Məlumatda bildirilib ki, Ukraynaya ilkin mərhələdə 50 ədəd “Kirpi” MRAP tədrük edilib və əlavə olaraq daha 150 ədəd “Kirpi” nəqliyyat vasitəsinin təhvil veriləcəyi planlaşdırılıb.
Qeyd edək ki, 4×4 təkər formuluna malik “Kirpi” mina və ballistik təhdidlərə qarşı dayanıqlıdır. Maşın CTIS mərkəzi təkər şişirtmə sistemi (təkər partladıqda imkanlar hesabına 40 km gedə bilir), run /flat təkərlər, avtomatik yanğınsöndürmə sistemi ilə təchiz olunub.
Birbaşa 800 km məsafə qət edə bilən “Kirpi”nin üzərinə müxtəlif silah sistemlərini qurmaq mümkündür. Zirehli maşın 13 desantı daşımaq qabiliyyətindədir. Silahlı Qüvvələrin ehtiyaclarını qarşılamaq üçün “Kirpi”nin 2,5, 5 və 10 ton çəkili modelləri istehsal edilir.