ABŞ Ordusu “Arion-SMET” yerüstü döyüş robotunu sınaqdan keçirəcək

ABŞ Ordusu “Arion-SMET” yerüstü döyüş robotunu sınaqdan keçirəcək

Cənubi Koreyanın “Hanwha Defense” şirkəti tərəfindən son olaraq inkişaf etdirilən “Arion-SMET” yerüstü döyüş robotu ABŞ Ordusunun sınaq və qiymətləndirmə proqramına qatılacaq.

“Poliqon” xəbər verir ki, bu barədə “Hanwha Defense” şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, “Arion-SMET” Pentaqonun nəzdindəki və Müdafiə Nazirliyinin Ofisi tərəfindən idarəolunan “Foreign Comparative Testing” (FCT) proqramı üçün seçilib. Proqramın məqsədi ABŞ ilə müttəfiq olan ölkələr tərəfindən hazırlanan hərbi məhsulların maddi və texnoloji sınaqlarını keçirməkdir.

Qeyd edilib ki, “Arion-SMET” Cənubi Koreya istehsalı yerüstü döyüş robotları arasında bu proqrama seçilən ilk məhsuldur. Bu isə gələcəkdə ABŞ Ordusunun ehtiyaclarını qarşılamaq üçün şirkət və Pentaqon arasında əməkdaşlığın aparalımasında böyük əhəmiyyət kəsb edir.

6×6 təkər formuluna malik olan “Arion-SMET” döyüş robotu “Hanwa Defense” tərəfindən 2019-cu ildə mülki-hərbi tədqiqat və inkişaf proqramı çərçivəsində hazırlanmış 4×4 çoxməqsədli yerüstü robotun əsasında təkmilləşdirilib.

Döyüş robotu silah-sursatın daşınması, yaralıların təxliyəsi, yaxın döyüş dəstəyi, kəşfiyyat, müşahidə və bu kimi əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutulub.

“Arion-SMET” düşmən əsgərlərini aşkarlaya/izləyə, atəş mənbəyini lokallaşdıra və gələn atəş istiqamətində cavab atəşi aça bilən “Dərin Neyron Şəbəkə” (DNN) əsaslı uzaqdan idarə olunan döyüş modulu ilə silahlandırılıb. Bu isə döyüş robotuna həm piyada qoşunlarını, həm də pilotsuz komanda birləşmələrini dəstəkləməyə imkan verir.

Çəkisi 2 ton olan və elektriklə işləyən “Arion-SMET” asfaltda maksimum 43 km/saat, torpaq və bu tipli yollarda isə 34 km/saat sürətlə hərəkət edə bilir. Döyüş robotunun maksimum yükgötürmə qabiliyyəti 550 kq və tam dolu batareya ilə hərəkət mənzili 100 kilometr təşkil edir.

Poliqon.az

CATEGORIES
TAGS