“Hanwha Defense” şirkəti K9 ÖAQ-ların ilk partiyasını sifarişçiyə çatdırır

“Hanwha Defense” şirkəti K9 ÖAQ-ların ilk partiyasını sifarişçiyə çatdırır

Cənubi Koreyanın “Hanwha Defense” şirkəti tərəfindən istehsal olunan K9 özüyeriyən artilleriya qurğusunun (ÖAQ) ilk partiyasının Polşa Ordusuna təhvil verilməsinə başlanıb.

“Poliqon” xəbər verir ki, bununla bağlı Polşanın müdafiə naziri Mariuş Blaşçak özünün rəsmi “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda bildirilib ki, hazırda Cənubi Koreyadan Polşaya doğru yola salınan K9-ların 24 ədədlik ilk partiyası yaxın günlərdə Ordunun inventarında olacaq və təhvil alınacaq ÖAQ-lar şərq cəbhəsindəki qoşunların silahlanmasına veriləcək.

Xatırladaq ki, Polşa Müdafiə Nazirliyi və “Hanwha Defense” şirkəti arasında 212 ədəd K9 ÖAQ-ın alınmasını nəzərdə tutan müqavilə cari ilin avqust ayında imzalanıb.

Ümumi dəyəri 2,4 milyard ABŞ dollarından çox olan müqavilənin şərtinə görə K9 ÖAQ-ların Polşa Ordusuna təhvil verilməsi prosesi 2026-cı ilə qədər yekunlaşmalıdır. Lakin 24 ədədlik ilk partiyanın müqavilənin imzalanmasından iki ay keçməmiş Polşa Ordusuna təhvil verilməsi bu prosesin vaxtından əvvəl tamamlanması ehtimalını artırır.

Qeyd edək ki, Polşa Müdafiə Nazirliyi Cənubi Koreyadan K9 ÖAQ-lardan əlavə “Hyundai Rotem” şirkətinin istehsalı olan 180 ədəd K2 tankının və “Korea Aerospace Industries” ilə ABŞ-ın “Lockheed Martin” şirkətinin birgə hazırladığı 48 ədəd FA-50 yüngül qırıcı təyyarəsinin (12 ədədi FA-50 Block 10 və 36 ədədi FA-50PL modifikasiyası) alınması ilə bağlı müqavilələr imzalayıb.

Poliqon.az

CATEGORIES
TAGS