Avstraliya C-27J “Spartan” hərbi nəqliyyat təyyarələrinin avionika sistemlərini yeniləyir

Avstraliya C-27J “Spartan” hərbi nəqliyyat təyyarələrinin avionika sistemlərini yeniləyir

Avstraliya Hökuməti və İtaliyanın “Leonardo” şirkəti arasında C-27J “Spartan” hərbi nəqliyyat təyyarələrinin avionika sistemlərinin yenilənməsi ilə bağlı müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, dəyəri 70 milyon ABŞ dolları olan müqaviləyə görə C-27J “Spartan”-ların mövcud rabitə sistemlərinin dəyişdirilərək yüksəldiləməsi nəzərdə tutub. Müqaviləyə uyğun olaraq “Leonardo” şirkəti təkmilləşdirmə işlərinə 2023-cü ilin sentyabrında başlayacaq və 2026-cı ilə kimi yekunlaşdıracaq.

İtaliyanın “Leonardo-Finmeccanica” şirkəti tərəfindən “Aeritalia” G.222 təyyarəsi əsasında hazırlanan C-27J “Spartan” hərbi nəqliyyat təyyarəsi orta ağırlıqdakı yüklərin daşınması üçün nəzərdə tutulub.

C-27J iki ədəd “Rolls Royce” istehsalı AE2100-D2A mühərriki ilə təchiz edilib ki, bu da ona maksimum 602 km/saat sürətlə uçmaq imkanı verir. Maksimum uçuş tavanı 9144 metr, uçuş ağırlığı 31 ton, yük götürmə qabiliyyəti 11 ton olan təyyarə 46-60 personalı daşımaq qabiliyyətinə malikdir.

Çoxməqsədli nəqliyyat təyyarəsi olan C-27J “Spartan”ın “Dəniz Patrulu”, ASW (Anti-Submarine Warfare), C3ISR (Command-Control-Communications, Intelligence, Surveillance and Reconnaissance), habelə MC-27J “Multi-mission Aircraft” variantları mövcuddur.

Hazırda hərbi təyinatlı yüklərin və personalın daşınması üçün şirkət tərəfindən müştərilərə təyyarənin C-27J “Next Generation” adlı versiyası təklif olunur.

Qeyd edək ki, Azərbaycan da İtaliya istehsalı olan C-27J “Spartan” hərbi nəqliyyat təyyarəsinə maraq göstərir.

Poliqon.az

CATEGORIES
TAGS