Pakistanda IDEAS-2022 sərgisi öz işinə başlayıb
Bu gün Pakistanın Karaçi Ekspo Mərkəzində IDEAS-2022 11-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarı (IDEAS) öz işinə başlayıb.
“Poliqon”un məlumata görə, dörd ildən sonra yenidən təşkil sərginin açılışını Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari edib.
O bildirib ki, İDEAS ən son texnoloji yenilikləri nümayiş etdirmək üçün bütün dünya üzrə müdafiə sənayesi oyunçularını bir araya gətirən müdafiə sərgisidir.
Otuz iki ölkədən üç yüzə yaxın eksponentin ən son və innovativ məhsullarını nümayiş etdirdiyi sərgi cümə gününə qədər davam edəcək. Sərgidə beş yüzdən çox yerli və beynəlxalq nümayəndə iştirak edir.
Çıxış edən Sind əyalətinin baş naziri Murad Əli Şah bildirib ki, illər ərzində İDEAS Pakistanın qlobal müdafiə bazarında artan izlərini nümayiş etdirən platformaya çevrilib.
“IDEAS-2022-nin mövzusu olan Sülh üçün silahlar Pakistanın sülh və sabitlik arzusunu əks etdirir. Müdafiə sektorumuzun texnologiyanın tələblərinə cavab verdiyini görmək çox xoşdur”, – deyə Sind əyalətinin baş naziri vurğulayıb.
Sərgi çərçivəsində Nişan-e-Pakistan çimərliyində vətəndaşlar üçün Karaçi Şousu da keçiriləcək. IDEAS-2022-də dost ölkələrin yüksək səviyyəli müdafiə nümayəndə heyətləri də iştirak edir.
Azərbaycandan Müdafiə Sənayesi naziri Mədət Quliyevin, Müdafiə Nazirliyinindən Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
10 ilə yaxındır IDEAS-ın Rəsmi Media Tərəfdaşı olan POLİQON jurnalı sərgidə öz stendi ilə təmsil olunur.
Qeyd edək ki, IDEAS-2022 11-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarı noyabrın 18-dək davam edəcək.