ABŞ Ordusu 40 min ədəd taktiki yük maşını alacaq
“American Rheinmetall Vehicles” və “GM Defence” şirkətləri ABŞ Ordusunun “Taktiki Yük Maşınları” tenderinin ilkin mərhələsinin qalibi olub.
“Poliqon” “GM Defence” şirkətinə istinadən xəbər verir ki, ABŞ Ordusu tərəfindən elan olunan “Taktiki Yük Maşınları” tenderində birgə iştirak edən “American Rheinmetall Vehicles” və “GM Defence” şirkətləri proqramın ilkin mərhələsi üçün sifarişçi ilə müqavilə imzalayıblar.
Müqaviləyə əsasən, istehsalçılar ABŞ Ordusuna sınaqlarının keçirilməsi üçün HX3-CTT yük maşınları tədarük edəcək.
Qeyd edək ki, çoxmərhələli tender olan bu proqram çərçivəsində ABŞ Ordusu 14 milyard dollar dəyərində 40 min ədəd yük maşının alınmasını nəzərdə tutub. ABŞ-ın məqsədi Ordunun silahlanmasında olan köhnə yük maşınlarını yüksək manevr, hərəkət və yük daşımaq bacarığına malik daha yeni vasitələrlə əvəz etməkdir.
ABŞ-da fəaliyyət göstərən “American Rheinmetall Vehicles” Almaniyanın “Rheinmetall”, “GM Defence” isə ABŞ-ın “General Motors” konserninin törəmə şirkətidir. Proqramda iştirak etmək və qalib gəlmək üçün ötən il bu şirkətlər arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb.