ABŞ Avstraliyaya HIMARS YARS-ların çatdırılmasına 2025-ci ildən başlayacaq
ABŞ-ın “Lockheed Martin” şirkəti HIMARS yaylım atəşli reaktiv sistemlərin (YARS) Avstraliya Ordusuna çatdırılmasına 2025-ci ildən başlayacaq.
“Poliqon” xəbər veirr ki, bu barədə Avstraliya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Lockheed Martin” şirkəti HIMARS YARS-ların sifarişçiyə təhvil verilməsini 2029-cu ilə qədər yekunlaşdıracaq. Bununla da, Avstraliya Ordusu tarixində ilk dəfə idarə olunan raketlərlə yüzlərlə kilometr uzaqlıqdakı yerüstü hədəfləri dəqiq vurmaq imkanı əldə edəcək.
Xatırladaq ki, bu satınalma ilə bağlı cari ilin yanvar ayının əvvəlində Avstraliyanın yerli KİV-lərində məlumat yer almışdı. Həmin məlumatda Avstraliya hökumətinin Ordunun döyüş qabiliyyətini artırmaq üçün “Lockheed Martin” şirkətindən 700 milyon ABŞ dolları dəyərində təxminən 20 ədəd HIMARS YARS satın alacağı bildirilirdi. Hökumətin bu YARS-ları almasında səbəb isə HIMARS-ların Ukraynada işğalçı Rusiyaya qarşı keçirilən əməliyyatlarda effektiv və uğurlu şəkildə istifadə olunması, habelə özünü döyüş meydanında sübut etməsi göstərilirdi.
M142 HIMARS (High Mobility Artillery Rocket System – yüksək mobillikli artilleriya raket sistemi) şassi kimi 6×6 təkər formullu M1140 FMTV (Family of Medium Tactical Vehicles) taktiki yük avtomobilindən istifadə edir. Buraxma qurğusu 1996-2000-ci illərdə “Lockheed Martin” şirkəti tərəfindən layihələndirilib, 2003-cü ildən etibarən “Lockheed Martin” və “BAE Sysyems” şirkətləri tərəfindən istehsal olunur.
Bu qurğu 6 ədəd M270 MLRS tipli reaktiv mərmilərin və ya 1 ədəd ATACMS tipli taktiki raketin buraxılmasını təmin edir. Atış məsafəsi döyüş sursatının növündən asılı olaraq 2-300 km arasında dəyişir. PrSM (Precision Strike Missile) yüksək dəqiqlikli raketlə atış məsafəsi 500 kilometr təşkil edir.