Qərargah rəisi: Yeni texniki müşahidə məntəqələri sayəsində dənizdə hədəflərin aşkarlanma imkanları artırılıb

Qərargah rəisi: Yeni texniki müşahidə məntəqələri sayəsində dənizdə hədəflərin aşkarlanma imkanları artırılıb

Dəniz təhlükəsizliyinə vahid baxış müstəvisində, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən qəbul edilmiş qərar nəticəsində, sahilboyu ərazidə dislokasiya olunmuş bölmələrin Sahil Mühafizəsinin tabeliyinə verilməsi, sahil mühafizə bölmələrinin texniki təchizatının təkmilləşdirilməsi, yeni infrastrukturun yaradılması istiqamətində 2021-ci ilin may ayının 25-də Sahil Mühafizəsinin Mərkəzi Regional şöbəsinin inzibati binasının açılışı Xəzər dənizində və sahilboyu ərazilərdə rejim qaydalarına nəzarətin yüksək səviyyədə təşkil olunmasına önəmli tövhə verib.

Bu fikirləri Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qərargah rəisi, kontr-admiral Abbas Qiyasov POLİQON jurnalına müsahibəsində söyləyib.

Qərargah rəisi vurğulayıb ki, müasir tələblərə cavab verən yeni infrastrukturların yaradılması istiqamətində 2022-ci il ərzində uzaq mənzilli radar, Avtomatlaşdırılmış İnformasiya Sistemləri və gecəgörmə kameraları ilə təchiz edilmiş yeni texniki müşahidə məntəqələri inşa olunaraq istismara verilib. Yeni texniki müşahidə məntəqələrinin imkanlarının tətbiqi nəticəsində dənizdə kiçik, orta və böyük həcmli hədəflərin aşkarlanma imkanları artırılıb.

Eyni zamanda texniki müşahidələr nəticəsində əldə olunmuş məlumatların Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi ilə fasiləsiz mübadiləsi həyata keçirilməkdədir.

“Dəniz sərhədçisi olaraq böyük qürur və iftixar hissi ilə qeyd etmək istərdim ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə ümumillikdə 8 halda səfər edib.

8 noyabr 2008-ci ildə yeni bazasının açılış mərasimdə, 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nın icrası üzrə 18 iyul 2014-cü il tarixdə “Gəmi İnşası və Təmiri Mərkəzi”nin açılışında, 7 sentyabr 2015-ci il, 13 iyun 2016-cı il, 13 yanvar 2017-ci il, 24 avqust 2017-ci il, 30 aprel 2018-ci il və 10 yanvar 2019-cu il tarixlərdə yeni inşa edilmiş sərhəd gözətçi gəmilərinin Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş sıralarına daxil edilməsi mərasimlərində iştirak etməsi şəxsi heyətin məsuliyyət hissini artırıb, sərhədlərimizin mühafizəsi işinin daha yüksək səviyyədə təşkil olunmasına ruhlandırıb.

Ali Baş Komandanın dövlət sərhədlərimizin mühafizəsi işinə göstərdiyi yüksək diqqət və qayğıya əməli işlə cavab vermək üçün şəxsi heyət bütün imkanlarını səfərbər edib, xidməti vəzifələrinin icrasına daha məsuliyyətlə yanaşıb”, – deyə kontr-admiral A.Qiyasov bildirib.

Poliqon.az

CATEGORIES
TAGS