Litva Belçikadan FN MINIMI yüngül pulemyotları alır
Litva Milli Müdafiə Nazirliyi Belçikanın “FN Herstal” şirkətindən 7.62 mm-lik FN MINIMI yüngül pulemyotları alır.
“Poliqon” xəbər verir ki, bu barədə Litva Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Litva Milli Müdafiə Nazirliyinin yanında fəaliyyət göstərən Müdafiə Materialları Agentliyi FN MINIMI yüngül pulemyotlarının alqı-satqısı üçün “FN Herstal” ilə 34 milyon avro dəyərində müqavilə imzalayıb.
Müqavilənin şərtinə görə, şirkət Litva Silahlı Qüvvələrinə FN MINIMI MK3 pulemyotlarından əlavə, onun təmizləyici dəstlərini, ehtiyyat lülələrini və patron çantalarını da tədarük edəcək. Sifariş çərçivəsində FN MINIMI pulemyotlarının ilk partiyası cari il ərzində Litva Ordusuna təhvil veriləcək.
Qeyd edək ki, FN MINIMI hazırda Litva Silahlı Qüvvələrində istifadə olunan KSP-58, FN MAG və MG3 pulemyotlarından daha yüngül və təkmil silahdır. Litva Milli Müdafiə Nazirliyinin bu pulemyotu almaqda məqsədi Quru Qoşunlarının həbi qulluqçularına döyüş meydanında yüksək çeviklik, hərəkətlik və effektivlik qazandırmaqdır.