AIM-120D-3 raketi üzərində işlər davam etdirilir
“Raytheon Missiles and Defense” şirkətinin hazırladığı AIM-120D-3 raketi üzərində aparılan funksional konfiqurasiya auditi (FCA – Functional Configuration Audit) ilə bağlı işlər tamamlanıb.
Bu barədə “Poliqon” “Raytheon Technologies” şirkətinə istinadən xəbər verib.
“Hava-hava” tipli AMRAAM raketinin ən son variantı olan AIM-120D-3, F3R (Form, Fit, Function Refresh) proqramı çərçivəsində inkişaf etdirilib. Porqram əsasında onun xarici müştərilər üçün nəzərdə tutulan AIM-120 C-8 versiyası da hazırlanıb.
Şirkətin bildirdiyinə görə, döyüş təyyarələrinin artan ehtiyaclarına effektiv şəkildə cavab verəcək AIM-120D-3, özündən əvvəlki AMRAAM raketlərindən daha üstün imkanlara sahibdir.
Qeyd edək ki, AIM-120D-3 raketi tam şəkildə əməliyyat üçün hazır olduqdan sonra ABŞ-ın həm Hərbi Hava Qüvvələrində, həm də Hərbi Dəniz Qüvvələrində istismar edilməyə başlanacaq.
Xatırladaq ki, bununla bağlı ötən ilin sentyabr ayında ABŞ Silahlı Qüvvələri və istehsalçı şirkət arasında 972 milyon dollarlıq müqavilə imzalanıb.