Türkiyənin ATAK-2 helikopteri ilk uçuşunu yerinə yetirib
Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan ATAK-2 (T-929 ATAK) ağır döyüş helikopteri ilk uçuşunu yerinə yetirib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmayıl Dəmir özünün “Twitter” hesabında paylaşım edib.
T-929 ATAK döyüş helikopterinin layihələndirilməsi 2019-cu ildə SSB ilə TUSAŞ arasında “Ağır Sınıf Taarruz Helikopteri” proqramı çərçivəsində imzalanan müqavilə əsasında həyata keçirilib. 2021-ci ildə Türkiyədə keçirilən IDEF beynəlxalq müdafiə sənaysi sərgisində ATAK-2 helikopteri ilk dəfə nümayiş etdirilib.
Xarici satış zamanı embarqo və sanksiyalardan yayınmaq üçün TUSAŞ, mühərrik tədarükünə dair seçimini Ukraynadan yana edərək 2021-ci ilin əvvəllərində, bu, ölkənin “Motor Sich” şirkəti ilə müqavilə imzalayıb.
T-929 ATAK-ın şirkət tərəfindən keçirlən sınaqları başa çatdıqdan sonra TUSAŞ 2025-ci ildə Türkiyə Quru Qoşunlarına 3 ədəd ATAK-2 helikopteri təhvil verəcək. Növbəti mərhələdə təhvil verilən 3 ədəd ATAK-2 helikopteri Quru Qoşunları tərəfindən lazımi sınaqlardan keçiriləcək və sonrasında silahlanmaya qəbul olunacaq.
Bir ayda 2 ədəd, il ərzində isə minimum 24 ədəd ATAK-2 istehsal etməyi planlaşdıran şirkət, T-929 ATAK-ın öz seqmentində ən yaxşı helikopter olacağını bildirib. Hazırda qlobal ağır döyüş helikopterləri bazarında ATAK-2-nin ən böyük rəqibi ABŞ-ın “Boeing” şirkəti tərəfindən istehsal olunan AH-64 “Apache” helikopteridir.
1200 kiloqram faydalı yük daşımaq bacarığına sahib T-929 ATAK-ın çəkisi 10 tondur. ATAK-2 “hava-hava”, “hava-yer”, yaxın hava dəstəyi, hücum, silahlı kəşfiyyat və müşahidə tapşırıqlarını icra etmək üçün nəzərdə tutulub. Buna uyğun olaraq da onun silahlanmasına yerli istehsal edilən aviasiya topu, “hava-hava” və “hava-yer” tipli raketlər, eləcə də 70 mm-lik idarə olunmayan aviasiya raketləri daxildir.
Qeyd edək ki, TUSAŞ şirkəti T-929 ATAK helikopterinin dəniz versiyasının hazırlanmasını da nəzərdə tutub. Belə olacaq halda helikopterin həmin variantının Türkiyə Hərbi Dəniz Qüvvələrinin donanmasına yenicə təhvil verilmiş “TCG Anadolu” amfibiya hücum gəmisində yerləşdiriləcəyini güman etmək olar.