SOLOTÜRK-ün F-16 qırıcısı ASELSAN sistemləri ilə təchiz olunub

SOLOTÜRK-ün F-16 qırıcısı ASELSAN sistemləri ilə təchiz olunub

Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) SOLOTÜRK akrobatika komandası tərəfindən istifadə edilən F-16C Blok 30 döyüş təyyarəsinə ASELSAN şirkətinin SADAK-4T ağıllı xarici asqı sistemi, TOLUN miniatür bombaları və LGK-82 lazer tuşlama dəsti inteqrasiya olunub.

“Poliqon” “Savunmasanayist”ə istinadən xəbər verir ki, milli sursatlarla təchiz olunan döyüş təyyarəsi Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində iştirak edən zaman görülüb.

Fotolardan da göründüyü kimi, SADAK ağıllı xarici asqı sistemi və onun üzərində 4 ədəd TOLUN miniatür bombası F-16C Blok 30-un sol qanadının altında, LGK-82 lazer tuşlama dəsti isə sağ qanadının altında yerləşdirilib.

SADAK-4T ağıllı xarici asqı sistemi ASELSAN tərəfindən hava platformalarının daha çox kiçik ölçülü sursat daşıya bilməsi üçün hazırlanıb. Sistem əsasən, F-16 döyüş təyyarələrinin “Blok 40” versiyasına quraşdırılmaq üçün nəzərdə tutulsa da, onu “Hürjet” yüngül təlim/döyüş, MMU və F-35 döyüş təyyarələrinə də inteqrasiya etmək mümkündür. Habelə SADAK-4T sistemi pilotsuz uçuş aparatlarına (PUA) da inteqrasiya edilə bilər. Belə ki, ötən ilin dekabr ayında “Tolun” miniatür bombalarının yerləşdirildiyi ağıllı xarici asqı sistemi vasitəsilə “Akıncı” PUA-nın atış sınaqları keçirilib.

Boş ağırlığı 170 kq, dolu ağırlığı isə 710 kq olan bu sistem 4 ədəd miniatür bombanı daşımaq və buraxmaq imkanına sahibdir.

GPS/INS tuşlama dəstinə malik “Tolun” miniatür bombası ASELSAN və TÜBİTAK SAGE mərkəzi tərəfindən birgə ərsəyə gətirilib. Bomba 55 kilometr mənzil daxilində atıldıqda 1 metr qalınlığındakı betonu deşmək və içəridə partlamaq qabiliyyətinə malikdir.

ASELSAN tərəfindən LGK lazer tuşlama dəsti idarə olunmayan aviasiya bombaları üçün hazırlanıb. Bu dəstlər bombaları sərfəli və son dərəcə etibarlı “ağıllı” sursata çevirən bir avadanlıqdır. LGK lazer tuşlama dəsti stasionar və hərəkətli hədəflərə qarşı daha yüksək vuruş dəqiqliyi, atəş məsafəsinin artması, kənar ziyan və atışdan sonra hədəfi dəyişdirmə imkanlarını təmin edir. Dəst, yarıaktiv lazer özütuşlama başlığı, tuşlama bölməsi, istilik batareyası, qanad sükan sistemi və arxa quyruqdan ibarətdir.

Sursat hədəfdən əks olunan lazer şüası ilə idarə olunur: lazer özütuşlama başlığı hədəfdən əks olunan lazer şüasını qəbul edir, sükanlar isə bombanı lazerlə işarələnmiş hədəfə yönəldir.

Poliqon.az

CATEGORIES
TAGS