“Gökdeniz” HHM sisteminin zavod qəbul sınaqları tamamlanıb

“Gökdeniz” HHM sisteminin zavod qəbul sınaqları tamamlanıb

Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan “Gökdeniz” yaxın hava hücumundan müdafiə (HHM) sisteminin MİLGEM-5 layihəsi çərçivəsindəki zavod qəbul sınaqları tamamlanıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin baş direktoru Haluk Görgün özünün “Twitter” hesabında paylaşım edib.

O bildirib ki, “Gökdeniz” HHM sistemi Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) və müttəfiq ölkələrin ehtiyaclarını effektiv şəkildə qarşılayacaq.

“Gökdeniz”, ASELSAN tərəfindən hazırlanmış ATOM adlı 35 mm çaplı proqramlaşdırılan qəlpəli atəş yığımı ilə əsasən gəmi əleyhinə raketləri məhv etmək üçün nəzərdə tutulub. Bundan başqa, “Gökdeniz” HHM sistemi helikopter, təyyarə, pilotsuz uçuş aparatı və yerüstü nəqliyyat vasitələri kimi təhdidlərdən gəmi müdafiəsini effektiv şəkildə həyata keçirə bilir.

“Gökdeniz” sistemi atış kontrol radarı və elektro-optik (E/O) sensorlarından ibarət inteqrasiya edilmiş izləmə platforması sayəsində hədəfi dəqiq izləyə və məhv edə bilir. “Gökdeniz”in stabilləşdirilmiş silah qülləsi 35 mm KDC-02 tipi iki lüləli silah sistemi ilə dəstləşdirilib. Silah sisteminin maksimal atış tempi dəqiqədə 1100 atəş təşkil edir. “Gökdeniz” sistemi sursatlarla avtomatik qidalanma mexanizminə (OŞMBM) malikdir.

Qeyd edək ki, “Gökdeniz” yaxın məsafəli HHM sisteminin cari il ərzində Türkiyə HDQ-nin döyüş gəmilərinə inteqrasiya olunması planlaşdırılıb.

Poliqon.az

CATEGORIES
TAGS