Almaniya hava hücumundan müdafiə imkanlarını artırır
Almaniya Bundestaqının büdcə komitəsi İsraildən raket əleyhinə müdafiə (RƏM) təyinatlı “Arrow-3” zenit-raket kompleksinin (ZRK) və əlaqəli raketlərin satın alınmasında ilk addımların atılmasını təsdiq edib.
Bu barədə “Poliqon” Almaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Bundan başqa, Bundestaqının büdcə komitəsi ölkənin Silahlı Qüvvələri üçün IRIS-T SLM zenit-raket kompleksinin (ZRK) satın alınmasını da təsdiqləyib.
Qeyd edək ki, Almaniyanın İsraildən “Arrow-3” ZRK almaq istədəyi rəsmi şəkildə ötən ilin sentyabr ayında açıqlanıb. Bununla bağlı İsrail və Almaniyanın Müdafiə Nazirlikləri arasında müzakirələr də aparılıb.
Almaniyada əvvəlcə “Dəmir Qübbə” hava hücumundan müdafiə (HHM) sisteminin alınması müzakirə edilsə da, sonradan ballistik raketlərə qarşı daha effektiv olan “Arrow-3” ZRK-nin alınmasına qərar verilib. Buna səbəb kimi Rusiyanın Ukrayna üzərindəki işğalı və Avropada artmaqda olan təhdidi göstərilib.
İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti tərəfindən istehsal olunan “Arrow-3” ZRK havasız məkanda qitələrarası ballistik raketləri məhv etmək üçün təyin edilib. Kompleks yerin süni peyklərini də məhv etməyə qadirdir.