
A‑29 “Super Tucano” təyyarələrinə süni intellekt əsaslı qabaqcıl antidron imkanlar qazandırılır
Braziliyanın “Embraer” şirkəti tərəfindən istehsal olunan A‑29 “Super Tucano” təlim-döyüş təyyarəsi süni intellekt əsaslı qabaqcıl antidron imkanlarla təchiz ediləcək.
Bu barədə “Poliqon” “Embraer”ə istinadən xəbər verib.
Bildirilib ki, A‑29 “Super Tucano”lara antidron bacarıqların qazandırılması üçün “Embraer” və “Valkyrie Aero” birgə işləyəcək. Bu əməkdaşlıq çərçivəsində “Valkyrie Aero”nun “Gunslinger AI” kompleksi A‑29 təyyarəsinə inteqrasiya ediləcək.
“Gunslinger AI” kompleksi PUA təhdidlərinə qarşı döyüş meydanında real vaxt rejimində daha təkmilləşdirilmiş taktiki qərarların qəbulunu təmin edir və “Find, Fix, Finish” (tapmaq, müəyyən etmək və məhv etmək) mərhələlərini dəstəkləyir. Bu sistem inkişaf edən PUA təhdidləri fonunda hazırlanıb və uzun müddətli, genişləndirilə bilən həll yolu təqdim edir.
Dünyanın müxtəlif ölkələrinin orduları son illərdə artan və davamlı PUA təhdidlərinə qarşı mübarizə aparmaq üçün böyük resurslar sərf edir və çox vaxt bu məqsədlə əsas döyüş təyyarələri kimi yüksək dəyərli platformaları istifadə edir ki, bu da hər bir missiyanın xərclərini əhəmiyyətli dərəcədə artırır. “Gunslinger” sistemi ilə təchiz edilmiş A-29 “Super Tucano” isə dronlara qarşı mübarizədə son dərəcə effektiv və aşağı maliyyətli bir həll təqdim edir. Bu imkan təyyarənin tandem kabin quruluşu, uzun müddət havada qalma qabiliyyəti və yüksək manevr imkanlarından istifadə etməklə təmin olunur.
Bundan əlavə, A-29-un kamikadze PUA-ların sürətinə təhlükəsiz şəkildə uyğunlaşa bilməsi onu toplar, idarəolunan raketlər və digər zərbə vasitələri ilə dəqiq atəş üçün stabil platformaya çevirir.


