ABŞ 155 mm-lik “Paladin” ÖAQ-ın Tayvana çatdırılmasını təxirə salıb

ABŞ 155 mm-lik “Paladin” ÖAQ-ın Tayvana çatdırılmasını təxirə salıb

ABŞ Tayvana M109A6 “Paladin” özüyeriyən artilleriya qurğularını (ÖAQ) vaxtında çatdıra bilməyəcəyini bildirib.

“Poliqon” xəbər verir ki, buna səbəb kimi isə “istehsalat xəttinin həddən artıq yüklənməsi” göstərilir. Bu həddən artıq yüklənmənin səbəbləri açıqlanmır. Lakin Tayvanın Müdafiə Nazirliyi bunu Ukraynaya hərbi yardım planları ilə əlaqələndirir.

Xatırladaq ki, Tayvan 2021-ci ildə ABŞ ilə 40 ədəd M109A6 “Paladin” ÖAQ almağa razılaşıb və dəyəri 750 milyon ABŞ dollarına qədər olan müqaviləni imzalayıb. Həmin dövrdə Tayvan mediası qurğuların 2023-cü ilə qədər təslim edilməli olduğunu açıqlayıb.

Tayvan Müdafiə Nazirliyi bildirib ki, “istehsalat xəttinin həddən artıq yüklənməsinə görə” M109A6 “Paladin” ÖAQ çatdırılmaları 2023-cü ilin əvəzinə, 2026-cı ildən tez olmayacaq. Burada istisna olunmur ki, “BAE Systems” şirkətinin istehsal imkanları hələ də Ukrayna üçün silah istehsal etməyə cəlb olunub.

Tayvanın Müdafiə Nazirliyi ABŞ-ın ÖAQ tədarükünü gecikdirməsi barədə məlumat almasından sonra alternativ silah variantları nəzərdən keçirdiyini bildirib. Nazirlik əlavə edib ki, Tayvan “Lockheed Martin Corp” korporasiyası tərəfindən istehsal edilən HIMARS (High Mobility Artillery Rocket System – yüksək mobillikli artilleriya raket sistemi) yaylım atəşli reaktiv sistemlər də daxil olmaqla, digər dəqiq və uzun mənzilli alternativ silah sistemlərini nəzərdən keçirir.

M109A6 “Paladin” ABŞ ordusunun silahlanmasına 1992-ci ildə daxil olmuş özüyeriyən haubitsaların dərin modernləşdirilmiş versiyasıdır. Qurğuda təkmilləşdirilmiş zireh mühafizəsi və daxili kevlar üzlüklü yeni qüllə quraşdırılıb. M182A1 dəzgahında quraşdırılmış ən son M284 haubitsası ilə silahlandırılıb. O, yeni radiostansiya, avtomatlaşdırılmış atəşi idarəetmə sistemi, bort ballistik kalkulyatoru və silahın avtomatik idarə olunmasını təmin edən naviqasiya sistemi, həmçinin NAVSTAR kosmik radionaviqasiya sisteminin qəbuledicisi ilə təchiz edilib.

Qeyd olunur ki, Çinin öz ərazisi olduğunu iddia etdiyi Tayvan, raketlər kimi dəqiq silahlar da daxil olmaqla, Çinin hücumunu dəf etmək imkanlarını təkmilləşdirmək üçün ardıcıl olaraq hərbi modernləşdirmə proqramı həyata keçirir. ABŞ rəsmiləri Tayvan ordusunu modernləşdirməyə sövq edir ki, nəticədə o, Çinin hücumunu çətinləşdirən “kirpi”yə çevrilsin. Buna görə də ABŞ-ın Tayvana silah satması həmişə Çini qəzəbləndirir və Pekin ilə Vaşinqton arasında gərginliyi artırır. Çin Tayvanı özünün ən mühüm və həssas ərazi problemi hesab edir.

Tayvan hökuməti Çinin öz suverenliklərinə olan iddialarını rədd edərək bildirir ki, yalnız adanın xalqı öz müqəddaratı barədə qərar verə bilər.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS