
ABŞ-da “Freedom” sinif yeni “Beloit” gəmisi suya buraxılıb
“Fincantieri” gəmiqayırma şirkəti ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün “Freedom” sinifli yeni gəmini suya buraxıb.
“Poliqon”un məlumatına görə, sahilyanı döyüş gəmisi (Littoral Combat Ship – LCS) “Beloit” (LCS-29) adlandırılıb.
Bu sinfin gəmiləri 2017-ci ilin oktyabrında imzalanmış müqavilə əsasında “Fincantieri Marinette Marine” şirkəti tərəfindən inşa edilir. Gəmi istehsalçısının tərəfdaşı “Lockheed Martin” şirkətidir.
ABŞ-ın LCS sinif gəmiləri LCS-1 “Freedom” və LCS-2 “Independence” olmaqla iki variantdan ibarətdir. “Lockheed Martin” “Freedom” sinif, “Austal USA” şirkəti isə “Independence” sinifi layihələndirib.
Xatırlatmaq yerinə düşər ki, “Littoral Combat Ships” (LCS) – ABŞ-ın sahilyanı döyüş gəmiləri (“sahil gəmiləri”) yaradılması proqramıdır. Bu proqram çərçivəsində ABŞ HDQ “Lockheed Martin” şirkəti tərəfindən layihələndirilən LCS-1 “Freedom” və “Austal USA” şirkəti tərəfindən yığılan LCS-2 “Independence” olmaqla iki növ gəmi alır. Hər iki gəmi oxşar xüsusiyyətlərə və silahlara malikdir, lakin gövdə tipinə görə əhəmiyyətli dərəcədə fərqlənirlər. ABŞ HDQ 2030-cu ilə qədər iki növdən olan 60 ədədə yaxın gəmini silahlanmaya qəbul etməyi planlaşdırıb.
Gəmilər ABŞ HDQ-nin sahillərdə işləməsi üçün təyin edilib. Bu sahilyanı döyüş gəmilərini digər donanmaların korvetləri ilə müqayisə etmək olar.
LCS-1 “Freedom” sinif gəmilərin uzunluğu 115 m, eni 17,5 m, suya çökməsi 3,7 m və subasma qabiliyyəti 3500 tondur. Gəmilər 45 düyün (83 km/saat) sürət yığa və 6500 km-ə qədər məsafə qət edərək 21 gün dənizdə qala bilir. Gəmilərin hər birinin heyəti yerinə yetiriləcək vəzifələrdən asılı olaraq 15, 50 və ya 75 nəfərdən ibarət ola bilir.
LCS-1 “Freedom” tipli gəmilər 57 mm-lik avtomatik BAE Systems Mk 110 topları, RIM-116 zenit raketləri, Mark 50 torpedaları və NETFIRES PAM “yer-yer” sinif raketləri ilə silahlandırılıb. Həmçinin 12,7 mm çaplı 4 ədəd iri çaplı pulemyot, 2 ədəd 30 mm-lik avtomatik silah Mk44 Bushmaster II, 8 ədəd RGM-184A dəniz zərbə raketi, 24 ədəd AGM-114L Hellfire “hava-yer” raketi var. Bundan başqa, gəmilərdə 2 ədəd MH-60R/S “Seahawks” helikopteri və MQ-8 “Fire Scout” pilotsuz uçuş aparatı üçün platforma və anqar nəzərdə tutulub.
Bütün bunlarla yanaşı, gəmi “Lockheed Martin” şirkətinin 150 kVt gücündə yüksək enerjili lazer silahları ilə təchiz oluna bilər.

ABŞ-da “Freedom” sinif “Beloit” kosmik gəmisinin suya buraxılması

“Freedom” sinif “Beloit” gəmisi

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Freedom” sinfin gəmisinin “yer-yer” raket modulundan (Surface to Surface Missile Module – SSMM) buraxılan AGM-114L-8A “Longbow Hellfire” raketi
Əhəd Əzizov