
ABŞ-da İsrailin “Iron Dome” HHM sistemi sınaqdan keçirilib
ABŞ-da aralıq raketdən müdafiə sistemi qismində İsrail istehsalı “Iron Dome” (“Dəmir Günbəz”) hava hücumundan müdafiə (HHM) sisteminin qanadlı raketlərə qarşı ilk atəş sınaqları uğurla keçirilib.
“Poliqon” xəbər verir ki, sınaqlar Uayt Sands raket poliqonunda (White Sands Missile Range) həyata keçirilib.
Sınaqlar zamanı səmaya səsəqədər (subsonik) sürətli qanadlı raketləri təqlid edən 8 ədəd pilotsuz hədəf qaldırılıb. Atışlar zamanı hədəflərin hamısı uğurla məhv edilib.
Qeyd edək ki, 2019-cu ildə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Konqresə iki “Dəmir Günbəz” batareyası almaq istəyini bildirib. Bununla əlaqədar, 12 buraxma qurğusundan, 240 ədəd tutucu raketdən, eləcə də idarəetmə sistemindən və radiolokasiya stansiyalarından ibarət iki “Dəmir Günbəz” batareyası üçün imzalanmış müqavilənin dəyəri 373 milyon ABŞ dolları təşkil edib. ABŞ Ordusunun silahlanmasına qəbul edilən “Dəmir Günbəz” HHM sisteminə “Iron Dome Defense System-Army” (IDDS-A) adı verilib.
İki “Dəmir Günbəz” batareyasının alınması “aralıq alış” adlanır. ABŞ Ordusunun yeni hava hücumundan müdafiə sistemlərinin “tam qəbul edilməsi” ilə bağlı son qərarı isə “Indirect Fires Protection Capability” (IFPC) proqramının nəticələrinin yekunlaşdırılmasının planlaşdırıldığı 2023-cü ildə açıqlanacaq.
Əhəd Əzizov