
ABŞ-da MFP antidron sistemi sınaqdan keçirilib
ABŞ Ordu Komandanlığı qoşunlarını bazalarda və yürüşdə pilotsuz uçuş aparatlarından qorumaq niyyətindədirlər.
“Poliqon” xəbər verir ki, DARPA-nın mətbuat xidməti MFP antidron sisteminin işini nümayiş etdirən video yayımlayıb.
MFP (Mobile Force Protection) antidron sistemi Ordunun yolsuzluq avtomobilinin şassisində yerləşdirilmiş avtonom və kompakt kompleksdir. X diapozonlu radar pilotsuz uçuş aparatlarını (PUA) aşkarlayır, kompüterləşdirilmiş sistem isə avtomatik olaraq təhdid növünü müəyyən edir və tutma qurğusunu buraxır. Tutma qurğusu kiçik vint qanadlı vasitə və ya təyyarə tipli dron ola bilər.
Yayımlanmış videoçarxda vint qanadlı tutma qurğusunun buraxılması və müdaxiləni zərərsizləşdirmək işləri göstərilib.
DARPA bildirib ki, MFP antidron sistemi bütün inkişaf və sınaq mərhələlərini keçərək silahlanmaya qəbul olunmağa hazırdır. Güman edilir ki, bu sistem yürüşdə olan qoşunları qorumaqla yanaşı hərbi karvanları da qoruya biləcək. Düşmənin hücum edən pilotsuz uçuş aparatları bir kilometr radiusda tutulur.
Əhəd Əzizov