
ABŞ-ın “Textron Systems” şirkəti Luiziana ştatının Slidell şəhərində yerləşən müəssisəsində MSFV (Mobile Strike Force Vehicle) zirehli nəqliyyat vasitələrinin istehsalını yenidən bərpa edib.
“Poliqon”un “Textron Systems”ə istinadən verdiyi xəbərə görə, istehsal xəttinin yenidən işə salınması aylarla davam edən hazırlıq, koordinasiya və zavodun istehsal tələblərinə uyğun şəkildə hazır vəziyyətə gətirilməsinin nəticəsidir.
Bildirilib ki, döyüş meydanında daha yüksək müdafiə və çeviklik təmin edən 65 ədəd MSFV-nin həmin müəssisədə istehsal olunaraq Ukraynaya təhvil verilməsi planlaşdırılır.
Qeyd olunub ki, MSFV istehsalının başlanması “Textron Systems”in bu platformaları operativ şəkildə çatdırmaq öhdəliyini bir daha nümayiş etdirir. Qlobal müdafiə tərəfdaşlarının daim dəyişən əməliyyat tələbləri və sürətli təchizat ehtiyacı nəzərə alındıqda bu çeviklik xüsusilə əhəmiyyət kəsb edir.
MSFV uzun müddətdir istifadə edilən “COMMANDO Select” zirehli nəqliyyat vasitələri ailəsinin bir hissəsidir. Bu platforma çətin şəraitlərdə yüksək hərəkətlilik, davamlılıq və etibarlılığı ilə tanınır.




