ABŞ-da yeni ÖAQ “Iron Thunder” adlandırılıb
ABŞ-da uzun mənzilli lüləli artilleriya sistemlərinin inkişafından ötrü başladılmış ERCA (Extended Range Cannon Artillery) proqramı çərçivəsində M109A7 “Paladin” özüyeriyən artilleriya qurğusuna (ÖAQ) əsaslanaraq yaradılmış perspektivli özüyeriyən ÖAQ-a təntənəli şəkildə “adqoyma” mərasimi keçirilib.
“Poliqon” “Defence-Blog” portalına istinadən xəbər verir ki, yeni ÖAQ “Iron Thunder” (“Dəmir göy gurultusu”) adlandırılıb.
“Picatinny Arsenal” hərbi bazasında təşkil edilən mərasimdə 27-ci səhra artilleriya alayının 4-cü divizionuna ən yeni “Iron Thunder” sistemi üçün əməliyyat sınağı vahidi statusu verilib. Uzadılmış lüləli yeni ÖAQ-ın sınaqlarının 2023-cü ilə qədər davam edəcəyi planlaşdırılır.
Qeyd edək ki, ERCA proqramı çərçivəsində ABŞ Silahlı Qüvvələri üçün uzun mənzilli artilleriya sistemləri hazırlanıb. Beləliklə, lülənin uzanması və yeni aktiv-reaktiv mərmilərinin istifadəsi sayəsində qurğudan 70 km məsafədəki hədəfləri vurmaq mümkün olub.
Xatırladaq ki, ERCA ABŞ Ordusunun kompleks proqramıdır. Bu proqram çərçivəsində silahlanmadakı mövcud artilleriya sistemlərinin dərin şəkildə təkmilləşdirilməsi və yeni sursatların hazırlanması həyata keçirilir. Daha əvvəl isə, ABŞ Ordusu Long Range Cannon (uzun mənzilli top) proqramı çərçivəsində M777 topunun yeni modifikasiyalarını hazırlayıb.
Yeni uzun mənzilli “Iron Thunder” ÖAQ şəkildə arxa planda (sağda) verilib
Əhəd Əzizov