ABŞ-da yeni robotlaşdırılmış tankın sınaqları keçirilib
ABŞ-ın “Northrop Grumman” şirkəti rəsmi “YouTube” kanalında topla silahlandırılmış pilotsuz döyüş maşınının (robotlaşdırılmış tankının) sınaqdan keçirilməsini əks etdirən videoçarx dərc edib.
“Poliqon” xəbər verir ki, videoçarxda “Pratt Miller Defence” şirkətinin istehsalı olan EMAV-MCA (Expeditionary Modular Autonomous Vehicle – Medium Caliber Armament) robot platformasına quraşdırılmış 30×173 mm ölçülü “XM813 Chain Gun” silahından atış aparılması göstərilib.
Sınaq atışları APFSDS zirehdələn mərmilərlə, həmçinin Mk 310 Mod1 proqramlaşdırıla bilən hava partlayışı döyüş sursatları ilə həyata keçirilib.
Eyni zamanda, “Northrop Grumman” şirkətindən lülə və bir neçə hissənin dəyişdirilməsi ilə “XM813 Chain Gun” topunun asanlıqla 40×180 mm çaplıya çevriləcəyini, eləcə də öldürücülüyünün və üstünlüyünün daha da artırıla biləcəyini bildiriblər.
Hələlik “Northrop Grumman” və “Pratt Miller Defence” şirkətlərinin birgə inkişafının adi texnologiya nümayişetdiricisi olub-olmadığı və ya tenderlərdə iştirak etmək üçün nəzərdə tutulduğu barədə məlumat yoxdur. “XM813 Chain Gun” topu həmçinin “RIPSAW M5” robot tankının prototipində, eləcə də “Stryker” zirehli transportyorunda istifadə olunur. Hər iki versiyada topun 30 mm çaplı versiyası tətbiq edilir.
Qeyd etmək lazımdır ki, yeni robotlaşdırılmış tankın digərlərindən əsas fərqi ondan ibarətdir ki, pulemyot/yüngül top və tank əleyhinə raket kompleksi kimi ənənəvi silahlar əvəzinə o, 30 və ya 40 mm çaplı sürətli atışlı “Bushmaster XM813 Chain Gun” topu ilə təchiz edilmiş İsrailin “Rafael” şirkətinin döyüş modulunu daşıyır.
“Northrop Grumman” şirkətinin istehsalı olan NG1170W mərmiləri ilə doldurulmuş top nəzəri cəhətdən mümkün olan maksimal məsafələrdə istənilən yüngül zirehli texnikanı məhv etməyə qadirdir. Son illərdə aktiv müdafiə komplekslərinin çox inkişaf etdiyini nəzərə aldıqda, bunu etmək tank əleyhinə idarə olunan raketlərdən daha ucuz və etibarlı başa gəlir.
Bu top, həmçinin, proqramlaşdırıla bilən mərmilərdən atəş apararaq hava partlayışı ilə (hədəf üzərində müəyyən yüksəklikdə partlamaqla) düşmənin canlı qüvvəsini məhv edə bilər. Bunun üçün hətta pulemyota belə ehtiyac yoxdur.
Hibrid güc qurğusu ilə təchiz edilmiş döyüş maşını saatda 72 km sürətlə hərəkət edə bilir. O, həm V-22 konvertoplanı, həm də CH-47 helikopteri ilə nəql oluna bilər.
Hələlik EMAV-MCA platformasına əsaslanan döyüş maşını, əlbəttə ki, yalnız bir texnologiya nümayişetdiricisi və prototipdir. Lakin yaradıcılar onun gələcək tətbiqi barədə çox düzgün istiqamətdə düşünürlər. Belə ki, döyüş maşınlarının qrupu hərbi bölmələrin karvanlarının və ya bazaların döyüş mühafizəsi qismində, düşmən mövqelərini aşkar etmək üçün döyüşlə kəşfiyyat həyata keçirən ön dozor qismində, alçaqdan uçan hava hədəfləri, əsasən PUA-larla mübarizə vasitəsi qismində və başqa döyüş tapşırıqlarının icrası üçün istifadə edilə bilər. Bu, həm ucuz, həm də effektli alınar.
Əhəd Əzizov