QuruXəbərlər

ABŞ Dəniz Piyadaları PUA sürülərinə qarşı HAVOC sistemləri əldə edəcək

ABŞ Dəniz Piyadaları Korpusu pilotsuz uçuş aparatı (PUA) sürülərinə qarşı mübarizə üçün “Epirus” şirkətinin HAVOC yüksək güclü mikrodalğalı sistemlərini əldə edəcək.

“Poliqon” “Epirus” şirkətinə istinadən xəbər verir ki, şirkət ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Tədqiqatları İdarəsi vasitəsilə 11 milyon ABŞ dolları dəyərində müqavilə əldə edib.

Müqavilə çərçivəsində “Epirus” HAVOC (High-power Microwave Autonomous Vehicle Operational Capability) sistemini ABŞ Dəniz Piyadalarına təhvil verəcək. Sistem tək və sürü halında fəaliyyət göstərən PUA-lara qarşı mübarizə, eləcə də mühüm obyektlərin müdafiəsi üçün nəzərdə tutulub.

Müqaviləyə həmçinin təlim, texniki xidmət və logistika dəstəyi daxildir.

HAVOC “Epirus” tərəfindən 2025-ci ildə ABŞ Dəniz Piyadaları üçün təqdim edilən ExDECS yüksək güclü mikrodalğalı sisteminin daha təkmil və avtonom versiyasıdır. Mobil sistem aşağı hündürlüklü hava hücumundan müdafiə bölmələrində PUA-lara qarşı “soft-kill” vasitəsi kimi istifadə ediləcək.

Sistemin radarlar, rabitə və enerji avadanlıqları, yanacaq doldurma məntəqələri, hava hücumundan müdafiə vasitələri və digər mühüm obyektlərin qorunmasında tətbiqi nəzərdə tutulur.

Şirkətin bildirdiyinə görə, HAVOC sisteminin əhatə dairəsi və çıxış gücü artırılacaq, elektron təsir imkanları və əməliyyat səmərəliliyi yaxşılaşdırılacaq. Sistem həmçinin proqram təminatı vasitəsilə davamlı olaraq təkmilləşdirilə və müxtəlif əməliyyat tələblərinə uyğunlaşdırıla biləcək.

Back to top button