ABŞ DPK yeni CH-53K helikopterlərindən istifadə edir

ABŞ DPK yeni CH-53K helikopterlərindən istifadə edir

ABŞ Dəniz Piyadaları Korpusu (DPK, United States Marine Corps – USMC) özünün desant imkanlarını artırmaq istiqamətində daha bir addım atıb.

“Poliqon” xəbər verir ki, artıq ABŞ DPK ağır CH-53K “King Stallion” helikopterini təyinatı üzrə istifadə edilməyə başlayıb.

Helikopter ABŞ-ın şərq sahilindəki hərbi bazalardan birində ilk tapşırıqlarını yerinə yetirib. Beləliklə, yeni helikopter bütün sınaq və yoxlama proseslərini başa vuraraq tam döyüş xidmətinə başlayıb.

Sikorsky CH-53K “King Stallion” helikopteri ilə DPK-nın silahlanmasında olan və “Sikorsky Aircraft” şirkəti tərəfindən istehsal olunmuş bütün USMC CH-53E “Super Stallions” helikopterlərinin əvəz edilməsi planlaşdırılır. ABŞ DPK-nin birinci eskadrilyasının yenidən təchiz edilməsinin başa çatdırılması 2023-2024-cü illər üçün planlaşdırılıb. Planlara əsasən, CH-53K “King Stallion” helikopterinin istehsalı 2030-cu ilə qədər davam edəcək.

CH-53K “King Stallion”, maksimal uçuş kütləsi təqribən 39,9 ton olan ağır nəqliyyat helikopteridir. Helikopter xarici asqıda 13 tondan çox yük daşımağa qadirdir. Daxili bölməsində isə 55 nəfərə qədər sərnişin yerləşdirmək mümkündür. Helikopterim heyəti iki nəfərdən beş nəfərə qədərdir. Belə ki, pilotlardan başqa, dairəvi müdafiəni təmin edən üç atıcı da heyətin tərkibinə daxil edilə bilər.

Xarici görünüşcə CH-53K “King Stallion” helikopteri sələfi CH-53E “Super Stallions” helikopterindən çox da fərqlənmir, lakin bununla belə ondan 57% daha güclüdür. CH-53K “King Stallion” helikopteri 1964-cü ildən istehsal olunan CH-53 xəttinin davamıdır. Yeni modifikasiya “Stallion” ailəsindəki ən böyük və ən güclü versiyadır. İlk CH-53K “King Stallion” helikopterinin yerüstü sınaqlarına 2014-cü ilin yanvarında başlanılıb. İlk uçuşunu isə 27 oktyabr 2015-ci ildə yerinə yetirib. Qeyd edək ki, 2017-ci ilin mart ayında ABŞ DPK sınaq üçün “Sikorsky Aircraft” şirkətindən seriyalı istehsaldan əvvəl nümunə alıb.

CH-53K “King Stallion” helikopterinin maksimal uçuş məsafəsi 865 km, maksimal sürəti 315 km/saat və kreyser sürəti 315 km/saatdır. Helikopterin uzunluğu 30,2 m, hündürlüyü 8,66 m, aparıcı pərvanənin diametri isə 24 m-dir. Maksimal uçuş hündürlüyü 4900 m-dir. 12,25 ton ağırlığındakı nominal yüklə döyüş radiusu 200 km-dir. Məsafəni artırmaq məqsədi ilə uçuş zamanı əlavə yanacaq doldurmaq mümkündür.

Helikopter aktiv və passiv müdafiə sistemləri ilə təchiz olunub. Xüsusən də zirehli gövdə heyəti və sərnişinləri atıcı silahların atəşindən, aktiv müdafiə sistemləri isə helikopteri raket zərbələrindən qoruya bilir. Helikopterdə hərəsinin gücü 7500 at gücü olan 3 ədəd General Electric GE38-1B mühərriki quraşdırılıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS