ABŞ F-15C “Eagle” qırıcılarını Avropadan çıxarıb
ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus F-15C “Eagle” qırıcıları Avropada döyüş növbətçiliyini başa çatdırıb.
“Poliqon” xəbər verir ki, sonuncu “Boeing F-15C Eagle” qırıcı təyyarəsi Böyük Britaniyadakı Lakenheath avisbazasını tərk edib. F-15C “Eagle” ABŞ-a qayıtdıqdan sonra ABŞ Milli Qvardiyasının HHQ-ndə uçuşlarını davam etdirəcək.
Xatırlatmaq yerinə düşər ki, F-15 “Eagle” qırıcıları Avropada ilk dəfə 1977-ci ildə peyda olub. Hazırda qırıcının F-15C/D modifikasiyası ABŞ Milli Qvardiyasında silahlanmada qalır və bu modifikasiyaya malik iki aviaeskadrilya ABŞ HHQ-nin tərkibində Yaponiyada xidmət aparır.
Bu arada qeyd etmək lazımdır ki, F-15E qırıcıları hələ də ABŞ HHQ-nin xidmətində qalır və az miqdarda F-15X “Advanced Eagle” qırıcıları da alınır.
F-15 “Eagle” dördüncü nəsil ABŞ qırıcı təyyarəsidir. Təyyarə 1972-ci ildə hazırlanıb və dörd il sonra ABŞ HHQ-nin silahlanmasına daxil olub. 1976-cı ildən bəri müxtəlif modifikasiyalarda 1500-dən çox F-15 qırıcısı istehsal edilib. ABŞ-dan başqa, bu qırıcı təyyarələr Yaponiya, Səudiyyə Ərəbistanı, İsrail, Cənubi Koreya və Sinqapur ordularının silahlanmasındadır. Ümumilikdə bütün ölkələrdə təxminən 183 ədəd F-15 təyyarəsi qəzaya uğrayıb.
Əhəd Əzizov