ABŞ HHQ F-15E qırıcılarını “StormBreaker” bombası ilə silahlandırır

ABŞ HHQ F-15E qırıcılarını “StormBreaker” bombası ilə silahlandırır

“Raytheon Missiles & Defense” şirkəti ABŞ Hərbi Hava Qüvvələrinə 1500 ədəd “StormBreaker” ağıllı aviasiya bombası tədarük edəcək.

“Poliqon” “Raytheon Missiles & Defense”yə istinadən xəbər verir ki, bunun bağlı tərəflər arasında 320 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, “StormBreaker” ABŞ Hərbi Hava Qüvvələrinin 2019-cu ildə qəbul edilmiş “Golden Horde” proqramı çərçivəsində “Raytheon” şirkəti tərəfindən yaradılan və “Small Diameter Bomb II” adlandırılan “ağıllı” aviasiya bombasıdır.

Sensorlar və ağıllı alqoritmlərin birləşməsi “StormBreaker” bombasına hədəfləri təhlil etməyə və təsnifləndirməyə, eyni zamanda ən yüksək prioritetli olanları seçməyə kömək edir. Bomba hətta pis hava şəraitində, tüstüdə və ya tam qaranlıqda hərəkətdə olan hədəfləri verilmiş GPS koordinatlar və ya lazer işıqlandırılması sayəsində məhv etmək imkanına malikdir.

Bombanın kütləsi 113 kiloqramdır. O, daşıyıcı-təyyarə ilə əlaqə saxlamaq imkanına sahib olmaqla trayektoriyada uçuş müddətində bir hədəfdən digərinə yönəldilə bilir. Bombanın döyüş hissəsi özündə fuqas, qəlpəli və zirehdəlmə effektlərini birləşdirir. Bu da tankların, binaların və insanların məhv edilməsini təmin edir.

Hazırda “StormBreaker” aviasiya bombaları ABŞ HHQ-nin aviasiya parkındakı F-15E “Strike Eagle” döyüş təyyarəsi tərəfindən istifadə olunur. Eyni zamanda onun F-35B ve F/A-18 qırıcılarına da uyğunlaşdırılması ilə bağlı aparılan sınaqlar davam etməkdədir.

Poliqon.az

CATEGORIES
TAGS