ABŞ HHQ-nin hər il 72 ədəd yeni qırıcıya ehtiyacı var
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) bu il birbaşa olaraq Konqresdən növbəti büdcə sorğusunda ehtiyac duyduğu 72 qırıcının tam komplektləşdirilməsini istəyib.
“Poliqon” “DefenseNews” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ HHQ-nin Hərbi Hava qərargah rəisinin plan və proqramlar üzrə müavini general-leytenant Riçard Mur deyib.
O bildirib ki, Hərbi Hava Qüvvələri ABŞ Konqresindən illik 72 qırıcı tələb etməyi tendensiya halına çevirmək istəsə də, bu təkcə büdcə ilə bağlı məsələ deyil, həm də “Lockheed Martin” şirkətinin F-35 istehsal etmək qabiliyyətindən asılıdır.
R.Mur bu tələb üzrə alınacaq 72 qırıcıdan 24 ədədinin F-15EX və 48 ədədinin F-35 olaraq planlaşdırıldığını diqqətə çatdırıb.
Nəşr tərəfindən qeyd olunub ki, ABŞ HHQ-nin üst səviyyəli hərbçiləri də illərdir həm döyüş təyyarələri parkının modernləşdirilməsi, həm də qırıcıların ortalama yaşının aşağı salınmasının vacibliyini diqqətə çatdırıb. Onlar hər il bu qədər yeni qırıcının istismara girməyəcəyi təqdirdə, HHQ-nin F-15C kimi köhnəlmiş döyüş təyyarələrini əvəzləmək üçün kifayət qədər yeni qırıcılara malik olmayacaqları barədə xəbardarlıq edib.
Həmçinin, altıncı nəsil “Next Generation Air Dominance” (NGAD) döyüş təyyarəsi haqqında danışan general-leytenant R.Mur vurğulayıb ki, HHQ 20 ədəd F-22A “Raptor” qırıcısını (Blok 32 versiya) istismardan çıxaracağı halda beş illik plan ərzində təxminən 2.5 milyard ABŞ dollarına qənaət edəcək. Belə olacağı vəziyyətdə isə həmin məbləği altıncı nəsil NGAD platformasına yönəltmək olacaq.
“İstismardan çıxmaq üçün nəzərdə tutulan F-22-lər beşinci nəsil qırıcılar olsa da, onlar döyüş qabiliyyətinə malik deyillər və əhəmiyyətli investisiya qoyulmadan heç vaxt bu imkana sahib olmayacaqlar. Onları müasir rabitə sistemləri, elektron müharibə imkanları və silahlarla yeniləmək təqribən on il çəkəcək ki, bu da təxminən 3.5 milyard dollara başa gələcək”, – deyə Riçard Mur qeyd edib.