ABŞ hipersəs silahlara yatırım edir
2022-ci ildə ABŞ Müdafiə Nazirliyinin (Pentaqonun) əsas prioriteti hipersəs silahları olacaq. Belə ki, Pentaqon, hipersəsli raketlərin yaradılması üçün müxtəlif proqramlara 3,8 milyard ABŞ dolları xərcləməyi planlaşdırıb.
“Poliqon” bu barədə “Janes” portalına istinadən xəbər verir.
ABŞ Hərbi Dəniz Qüvvələri üçün, sualtı qayıqlarda və “Zumwalt” tipli esmineslərdə istifadə ediləcək CPS (Conventional Prompt Strike) hipersəs raketi hazırlanır və onun 2028-ci ildə silahlanmya daxil edilməsi nəzərdə tutulub. Eyni zamanda, bu layihəyə 2022-ci il ərzində il 1,37 milyard ABŞ dolları xərclənməsi gözlənilir.
ABŞ Ordusu isə öz növbəsində LRHW (Long-Range Hypersonic Weapon) uzun mənzilli hipersəs silahını inkişaf etdirməyə davam edir. Elan edilmiş 2250 km mənzilli bu raketlərin silahlanmaya 2023 və ya 2024-cü illərdə daxil edilməsi planlaşdırılıb.
Hazırda ABŞ Hərbi Hava Qüvvələri, AGM-183A raketini sınaqdan keçirən ARRW (Air-Launched Rapid Response Weapon) havadan buraxılan çevik reaksiya silahı proqramı üzərində işləyir. Bundan başqa, Pentaqon əvvəllər Hypersonic Conventional Strike Weapon (HCSW) hipersəs adi zərbə silahı proqramı əsasında qanadlı raketlərin hazırlanması üçün “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb.
Əhəd Əzizov