ABŞ Mərakeşə 774 milyon dollar dəyərindəki silah satışını təsdiqləyib
ABŞ hökuməti ümumi dəyəri 774.2 milyon dollar olan HIMARS yaylım atəşli reaktiv sistemin (YARS) və JSOW (Joint Stand Off Weapons) aviasiya bombasının Mərakeşə satışını təsdiqləyib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, bunlardan 250 milyon dollar dəyərində olan birinci sifarişə 40 ədəd AGM-154C JSOW aviasiya bombasının, hava təlim raketlərinin, CFVs (Captive Flight Vehicles) və FFVs (Free Flight Vehicles) uçuş vasitələrinin satın alınması, eləcə də onlara qarşıdakı 7 il ərzində təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sifariş ilə bağlı baş podratçı rolunda AGM-154C JSOW aviasiya bombasının istehsalçısı olan ABŞ-ın “Raytheon Missiles and Defense” şirkəti çıxış edəcək.
Mərakeş Hərbi Hava Qüvvələrinin (HHQ) F-16 çoxməqsədli döyüş təyyarələri tərəfindən istifadə olunacaq AGM-154C aviasiya bombaları ölkənin dəniz təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayacaq.
Dəyəri 524.2 milyon dollar olan ikinci sifarişə daxildir:
- 18 ədəd M142 HIMARS (High Mobility Artillery Rocket Systems) YARS;
- 40 ədəd M57 ATACMS (Army Tactical Missile System) ordu taktiki raket kompleksi;
- 36 ədəd M30A2 GMLRS (Guided Multiple Launch Rocket Systems) alternativ döyüş başlığı;
- 36 ədəd M31A2 “GMLRS Unitary”;
- 9 ədəd M1152A1 HMMWV yüksək mobillikli çoxməqsədli təkərli avtomobili (High Mobility Multipurpose Wheel Vehicle);
- 18 ədəd IFATDS (International Field Artillery Tactical Data Systems) sistemi;
- 18 ədəd M1084A2 yük maşını;
- 18 ədəd M1095 5 tonluq qoşqu və digər sistemlərin satın alınması;
- Bu sistemlərə təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi.
Sifariş çərçivəsində işlər ABŞ-ın “Lockheed Martin”, “L3 Harris”, “Raytheon Technologies”, “COBHAM Aerospace Connectivity”, “Oshkosh Defense”, “AM General” və digər şirkətləri tərəfindən yerinə yetiriləcək.