ABŞ Ordusu çox sayda “Switchblade” süzən sursatı alır
“AeroVironment” şirkəti ABŞ Ordusuna 990 milyon dollar dəyərində “Switchblade” süzən sursatları tədarük edəcək.
“Poliqon” xəbər verir ki, bunun üçün tərəflər arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, “AeroVironment” şirkəti “Switchblade” süzən sursatlarının tədarükünü qarşıdakı 5 il ərzində həyata keçirəcək.
Qeyd edək ki, “AeroVironment” şirkəti “Switchblade” süzən sursatının iki versiyasını (“Switchblade 300” və “Switchblade 600), həmçinin onların sualtı qayıqlardan buraxılmaq üçün nəzərdə tutulmuş “Blackwing” modifikasiyasını istehsal edir. Hazırda “AeroVironment” şirkəti müştərilərinə “Switchblade 300”ün yeni Block 20 versiyasını da təklif edir.
“Switchblade 300” süzən sursatı hədəfləri görmə hüdudlarından kənarda vurmaq üçün yaradılıb. Quru, dəniz və ya hava platformalarından buraxılış borusundan buraxıla bilir. Canlı qüvvəyə qarşı olmaqla, kütləsi 2.5 kq (bəzi mənbələrə əsasən 1 kq), uçuş məsafəsi 10 km-ə qədər və havada qalma müddəti 10 dəqiqədir (bəzi mənbələrə əsasən 20-40 dəqiqə). Uçuş sürəti saatda 60 km (bəzi mənbələrə əsasən saatda 157 km) təşkil edir. Döyüş atımı 40 mm-lik qumbaranın atımı ilə eynidir.
“Switchblade 300” süzən sursatı daxilində PUA olan “borudan” və ya “Multi-Pack Launcher – MPL” modul sistemindən buraxıla bilir. 6 ədəd süzən sursat olan blokun kütləsi 73 kq, yenidən doldurulma müddəti 30 saniyədir. Sistem 2-dən 20-yədək buraxma qurğusununun birləşdiyi kompleks kimi tətbiq edilə bilir.
“Switchblade 600” süzən sursatı yüngül zirehli texnikanı məhv etmək imkanına malik daha güclü döyüş başlığı ilə təchiz edilib. “Switchblade 600” süzən sursatının kütləsi 22.7 kq, hədəfi məhvetmə məsafəsi 90 km, havada qalma müddəti 40 dəqiqəyə qədərdir.