ABŞ Ordusu Estoniyadan “Type-X” döyüş robotunu ala bilər

ABŞ Ordusu Estoniyadan “Type-X” döyüş robotunu ala bilər

Estoniyanın “Milrem Robotics” şirkətinin yaratdığı “Type-X” robotlaşdırılmış yerüstü döyüş maşını ABŞ Ordusunun həyata keçirdiyi “Robotic Combat Vehicle” (RCV-M) proqramı çərçivəsində RAS USA hərbi konfransında  iştirak edəcək.

Bu barədə “Poliqon” istehsalçı şirkətə istinadən xəbər verib.

RCV-M proqramına əsasən, ABŞ Ordusu, fərqli silah növləri ilə təchiz edilmiş, 30 tona qədər ağırlığındakı tırtıllı və ya təkərli şassi üzərində pilotsuz robotlaşdırılmış maşınları silahlanmaya qəbul etmək niyyətindədir.

“Type-X” döyüş robotunun kütləsi 12 ton, maksimal faydalı yükü isə 4,1 tondur. C-140 Hercules KC-390 Millenium və ya A400M Atlas kimi nəqliyyat təyyarələrindən atıla bilər. Maşının uzunluğu 6 metr, eni 2,9 metr və hündürlüyü 2,2 metrdir. Bu ölçülər isə onu kifayət qədər gizli edir, eləcə də döyüşün ən təhlükəli yerlərində əsgərləri əvəzləməyə imkan verir. Yol səthindən asılı olaraq maksimal hərəkət sürəti saatda 50 – 80 km arasında dəyişir.

İstehsalçının sözlərinə görə, döyüş vasitəsinin özünəməxsus xüsusiyyətlərindən biri onun müxtəlif ölkələrin silahlı qüvvələrinin bütün tələblərinə uyğun formada hazırlanmasıdır. Robot ABŞ Ordusunda desant əməliyyatlarına dəstək ola bilər.

Sifarişdən asılı olaraq, “Type-X” yerüstü döyüş robotunun silahlanmasına 50 mm-ə qədər çaplı top və tank əleyhinə raketlər daxil ola bilər. Robot, ətrafdakı vəziyyət haqqında məlumat ötürən dronla qarşılıqlı əlaqədə fəaliyyət göstərə iqtidarındadır.

Həmçinin, müəyyən olunmuş marşrut boyunca maneələri müəyyənləşdirərək və aşaraq müstəqil şəkildə hərəkət edə bilir. Digər bir seçim variantı isə uzaqdan idarəetmədir.

Layihənin əsas ideyası, xüsusilə həyati təhlükəli məqamlarda döyüşçünün dəyişdirilməsi imkanıdır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS