ABŞ Ordusu havasız şinləri tropik şəraitdə sınaqdan keçirir

ABŞ Ordusu havasız şinləri tropik şəraitdə sınaqdan keçirir

ABŞ ordu mənsubları Yumadakı Tropik Bölgələr Sınaq Mərkəzində (TRTC – Tropic Regions Test Center) havasız şinləri tropik şəraitdə sınaqdan keçirir.

“Poliqon” xəbər verir ki, ABŞ Ordusu mətbuat xidmətinin məlumatına görə, sınaq poliqonunda havasız şinlərin dərin palçıq, cəngəllik və otluq ərazilərdən keçdikdən sonra xüsusiyyətlərini qoruyub saxlamaq qabiliyyəti sınanır.

Qeyd edək ki, son 20 ildə ABŞ Ordusunun iştirak etdiyi qarşıdurmaların əksəriyyəti Cənub-Qərbi Asiya səhralıqlarnda baş verib. Lakin, tropik bölgələrdə davam edən və ya potensial hərbi qarşıdurmaların olduğu yerlər də mövcuddur.

Buna görə də ABŞ hərbiçiləri belə bir sınaq keçirmək qərarına gəliblər. Hərbiçiləri, təkərin məsamələrinə nüfuz edən qatı palçığın şinin və maşının işinə hansı təsir göstərə biləcəyi maraqlandırır.

Sınaqlar üçün ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının xüsusi əməliyyat bölmələri tərəfindən istifadə edilən Polaris MRZR yüngül taktiki avtomobili seçilib. Maşınlar hava doldurulması tələb etməyən və dəlmələrə davamlı olan “Michelin Tweel” şinləri ilə təchiz edilmişdir.

Bildirək ki, “Michelin” şirkətinin “Tweel” şinləri, adi pnevmatik şin kimi işləmək üçün nəzərdə tutulmuş havasız radial şindir. Hesab edilir ki, “Tweel” şinləri adi şindən üç dəfə artıq xidmət edəcək və onların quruluşu fərqli səthlərdə gediş keyfiyyətlərini uzun müddət qorumağa imkan verəcək.

Bu həll, ehtiyat təkərləri və onu əvəz etmək üçün alətlər dəstini aradan qaldıraraq maşını yüngülləşdirməyə, təmir üçün dayanma müddətini azaltmağa və təkər təzyiqini idarə etmək ehtiyacından xilas olmağa imkan verir. Ancaq “Tweel” şinlərinin zəif nöqtəsi təkər membranları arasındakı məsamələrdir. Sınaq iştirakçılarının sözlərinə görə, havasız şinlər tropik şəraitə uyğunlaşdırılmayıb. Belə ki, böyük miqdarda palçıq və bitki örtüyü şinin məsamələri arasındakı boşluğu sıx şəkildə bağlayan bir kütlə meydana gətirir. Bu isə idarəetməni çətinləşdirir, asqı komponentlərinin dinamikasına və ömrünə mənfi təsir göstərərək ressora alınmayan kütləni artırır. Bundan başqa, bu cür şinlər məsamələri tıxayan qarda da hərəkətə uyğunlaşdırılmayıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS