ABŞ Ordusunun ilk CH-47F Blok II helikopteri son montaj mərhələsindədir

ABŞ Ordusunun ilk CH-47F Blok II helikopteri son montaj mərhələsindədir

“Boeing” şirkətinin ABŞ Ordusu üçün Blok II variantında istehsal etdiyi ilk CH-47F “Chinook” ağır nəqliyyat helikopteri son montaj mərhələsindədir.

“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, CH-47F helikopterinin Blok II variantı qarşıdakı 30 ildən çox müddət ərzində ABŞ Ordusuna xidmət göstərəcək və onlara həm daha çox yük qaldırmağa, həm də daha uzaq məsafələrə uçmağa imkan verəcək.

Qeyd edək ki, “Boeing” şirkəti ilk CH-47F Blok II-nin istehsalına 2022-ci ilin aprel ayında başlayıb və onu 2024-cü ilin əvvəllərinə kimi sifarişçiyə təhvil verməyi planlaşdırıb.

Hazırda CH-47F “Chinook” dünya ölkələri tərəfindən ağır nəqliyyat helikopteri seqmentində çox tələb görən platformalardandır. Onun heyəti 2-3 nəfər (pilot, bort-texnik və ya komandir), sərnişin tutumu isə 33-55 əsgər və ya 2 müşayiətçi ilə 24 yataq xəstəsidir. Helikopterin boş kütləsi 12210 kq, normal uçuş kütləsi 22680 kq, maksimal uçuş kütləsi 24494 kq və faydalı yükünün kütləsi 12284 kiloqramdır.

CH-47F hər birinin gücü 4168 at gücü (3108 kVt) olan 2 ədəd turbovint “Honeywell” T55-L-714 mühərriki ilə təchiz edilib. Maksimal uçuş sürəti 285 km/saat, kreyser sürəti 259 km/saat, döyüş radiusu 935 km və praktiki uçuş tavanı 3090 metr olan CH-47F helikopteri 3 ədəd 7.62 mm-lik pulemyotla silahlandırılıb.

Poliqon.az

CATEGORIES
TAGS