ABŞ şirkəti “Protector RG Mk1” PUA-nı sifarişçiyə çatdırıb
Böyük Britaniya ABŞ-ın “General Atomics Aeronautical Systems Inc” (GA-ASI) şirkəti tərəfindən hazırlanan ilk “Protector RG Mk1” pilotsuz uçuş aparatının qəbul sınaq prosedurlarını (ATP) tamamlayıb.
“Poliqon” GA-ASI-yə istinadən xəbər verir ki, ATP məsələləri tamamlanan PUA Böyük Britaniya Müdafiə Nazirliyinin satınalma qolu olan “Defence Equipment and Support” (DE&S) tərəfindən qəbul edilib.
DE&S-dən bildirilib ki, ilk “Protector RG Mk1” PUA 2023-cü ildə Böyük Britaniya Hərbi Hava Qüvvələrinin (HHQ) “Waddington” aviasiya bazasına təhvil veriləcək. Bu vaxta qədər isə PUA, ona təmir və texniki xidmət göstərəcək personalın öyrədilməsi üçün istifadə olunacaq.
MQ-9B “SkyGuardian”nın xüsusi konfiqurasiya edilmiş modeli olan “Protector RG Mk1” Böyük Britaniya HHQ-nin tələblərinə cavab vermək üçün başladılan “Protector” proqramı əsasında hazırlanıb.
MQ-9B “SkyGuardian” əsasən ISR (intelligence, surveillance and reconnaissance) tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulsa da, PUA-dan humanitar yardım, axtarış-xilasetmə, elektron müharibə kimi əməliyyatların icrası üçün də istifadə oluna bilər.