
ABŞ “Stinger” DZRK-ni əvəz etməyi planlaşdırır
ABŞ Ordusu “Stinger” daşınan zenit raket kompleksini (DZRK) əvəz edəcək kompleks axtarır.
“Poliqon” xəbər verir ki, hökumət müqavilələri portalı FIM-92 “Stinger” DZRK-ni əvəz edəcək yeni raket sistemi üçün təklif sorğusu (Request for information – RFI) dərc edib.
Sənəddə göstərilib ki, inkişafın maliyyələşdirilməsi artıq aparılır. Perspektiv sistemin ilk nümunəsi gələn il sınaqdan keçirilməli və 2027-ci ilə qədər raketləri SHORAD sistemlərində də istifadə olunacaq yeni DZRK-nin seriyalı istehsalına başlanmalıdır.
Xatırladaq ki, FIM-92 “Stinger” daşınan zenit raket kompleksi keçən əsrin 70-ci illərində ABŞ-ın “General Dynamics” korporasiyası tərəfindən hazırlanıb, “Raytheon Missile Systems” şirkəti tərəfindən istehsal edilib və 1981-ci ildə ABŞ Ordusunun silahlanmasına qəbul olunub. Əvvəlcə kompleks alçaqdan uçan hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş DZRK kimi yaradılıb. Lakin sonradan onun raketləri helikopterlərdən və təyyarələrdən buraxılmağa, həmçinin hava hücumundan/raket əleyhinə müdafiənin MML (Multi-Mission Launcher) multifunksional buraxma qurğusunda istifadəyə uyğunlaşdırılıb. Hazırda buraxma qurğusu M6 “Linebacker”, AN/TWQ-1 “Avenger”, MQ-1 “Predator”, AH-64 “Apache” və LeFlaSys/ASRAD platformalarda quraşdırılır.
Raketin maksimal uçuş məsafəsi 4,8-8 km və maksimal hədəf hündürlüyü 3,8 km-dir. Raketin uçuş sürəti maksimal 750 m/s (2,2 Mach) və orta 700 m/s (2,06 Mach) təşkil edir.
Kompleksin ümumilikdə FIM-92A, FIM-92B, FIM-92C, FIM-92D və FIM-92G kimi, raketin isə “Stinger Basic”, “Stinger-POST” (Passive Optical Seeker Technique), “Stinger RMP” (Reprogrammable Microprocessor), “Stinger RMP Block I”, “Stinger RMP Block II”, ATAS (Air-to-Air Stinger), MLMS (Multi-purpose Lightweight Missile System) və ADSM (Air-Defence Suppression Missile) kimi modifikasiyaları mövcuddur.
Bu günə qədər FIM-92 “Stinger” dünyada ən çox yayılmış DZRK-lərdən biridir və dünyanın iyirmidən artıq ordusunun silahlanmasındadır. İstifadəçilər sırasında ABŞ, Böyük Britaniya, Almaniya və Ukrayna orduları əsas yer tutur.
Əhəd Əzizov