ABŞ tankçıları M1147 atəş yığımını öyrənirlər

ABŞ tankçıları M1147 atəş yığımını öyrənirlər

ABŞ Ordusu tanklar üçün yeni nəsil atəş yığımlarını mənimsəməyə başlayıb.

“Poliqon” xəbər verir ki, ABŞ Ordusunun ilk “Abrams” tank heyətləri Arizona ştatında yerləşən Yuma poliqonunda M1147 atəş yığımı ilə atəş açıblar.

“Abrams” tankları üçün yeni atəş yığımının hazırlanmasına başlanma haqqında 2015-ci ildə məlum olub, baxmayaraq ki, sursatın özü daha on il əvvəl hazırlanıb. O zaman “Northrop Grumman” konserninin “Orbital ATK” törəmə şirkəti ABŞ Ordusunu yeni fuqas döyüş sursatla təmin etmək üçün müqavilə qazanıb. Yeni M1147 atəş yığımlarının seriyalı tədarükünə cari ilin yazında start verilmiş və payızında tank heyətləri onlardan istifadə edərək atəş təcrübəsinə başlayıblar.

Qeyd edək ki, əvvəllər XM1147 kimi tanınan M1147 atəş yığımı piyadalara və yüngül zirehli hədəflərə qarşı, həmçinin 2 km məsafəyə qədər betonla möhkəmləndirilmiş istehkamları məhv etmək üçün istifadə oluna bilən çoxməqsədli sursatdır.

Yeni atəş yığımı tank sursatları nomenklaturasında kumulyativ mərmili M830, universal tank əleyhinə mərmili M830A1, piyada əleyhinə karteç mərmili M1028 və betondələn-fuqas mərmili M908 atəş yığımlarını əvəz edəcək (həmçinin bax: M1 “Abrams” tankları üçün M1147 atəş yığımı).

Yeni mərminin döyüş hissəsi artırılmış gücə sahibdir, həmçinin izburaxma (trasser) elementi ilə təchiz olunub. M1147 yüksək nüfuzetmə və güclü fuqas təsiri təmin edir, həmçinin proqramlaşdırma qabiliyyəti sayəsində tankın heyəti mərmini hədəfin yaxınlığında havada partlatmaqla onu məhv edə bilir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS