ABŞ Ukraynaya lazer tuşlamalı APKWS raketləri verəcək
ABŞ Müdafiə Nazirliyi Ukraynaya kommersiya xətti ilə alınan silah və hərbi texnikanın tədarükünü genişləndirir.
“Poliqon” xəbər verir ki, Pentaqonun mətbuat xidməti 136 milyon ABŞ dolları dəyərində alınacaq pilotsuz uçuş aparatlarının (PUA), lazerlə idarə olunan raketlərin, binoklların və digər əşyaların tezliklə Ukraynaya göndəriləcəyini açıqlayıb.
ABŞ müdafiə şirkətlərindən alınacaq silah və avadanlıqlar Pentaqonun mövcud ehtiyatlarından Ukraynaya verdiyi böyük miqdarda silahdan fərqli olaraq ayrı bir hərbi yardım kateqoriyasını təmsil edir. Bu kommersiya tədarükü Pentaqonun öz ehtiyatlarından yerinə yetirdiyi silah təchizatını tamamlayır.
Satınalmaya 22,6 milyon ABŞ dolları dəyərində lazerlə idarə olunan 70 mm-lik raketlər və 17,8 milyon ABŞ dolları dəyərində əlavə “Switchblade” PUA daxildir. Bundan başqa, Pentaqon, həmçinin keçən ay ilkin olaraq elan edilən qərarla, Ukrayna üçün 19,7 milyon ABŞ dolları dəyərində “Puma” PUA-ları alacaq. Bunlarla yanaşı, bu yardım paketinə artilleriya sursatları və radar sistemlərinin alınması üçün vəsait də daxildir.
Qeyd edildiyi kimi, ABŞ Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələri üçün lazerlə idarə olunan reaktiv döyüş sursatları alacaq. Lazerlə idarə olunan döyüş sursatları hava və yerüstü mobil buraxılış qurğularından buraxıla bilən “Advanced Precision Kill Weapon Systems” (APKWS) raketləridir. APKWS yarıaktiv lazer tuşlama sisteminə malikdir, helikopterlərin və təyyarələrin silahlanmasına daxildir, özündə təkmilləşdirilmiş idarə olunmayan 70 mm çaplı “Hydra 70” reaktiv mərmisini tərənnüm edir.
Qeyd etmək lazımdır ki, “Hydra 70” idarə olunmayan aviasiya raketləri “BAE Systems” şirkəti tərəfindən APKWS səviyyəsinədək təkmilləşdirilib (həmçinin bax: “BAE Systems” şirkətinin təkmilləşdirilmiş APKWS dəsti). İstehsalçının məlumatına görə, lazerlə idarə olunan sursatın genişləndirilmiş versiyası 30% daha uzun mənzilə malikdir və daha dəqiqdir.
Diametri 2,75 düym (70 mm) olan raket idarə olunmayan raketlər və tank əleyhinə döyüş sursatları arasında boşluğu dolduraraq, döyüş meydanında kiçik hədəflərin zərərsizləşdirilməsinin dəqiqliyini təmin edir.
Raket üçün iki buraxma variantı var – həm idarə olunmayan “Hydra” kimi fırlanan mərmi, həm də düzünə buraxma variantları. Atış məsafəsi birinci variantda 1,5-5 km (0,93-3 mil), ikinci variantda isə 2-12 km (1,2-7,4 mil) təşkil edir.
APKWS raketləri bütün “Hydra 70” idarə olunmayan aviasiya raketlərinin buraxma qurğuları ilə tam uyğundur, idarə olunmayan aviasiya raketlərini daşıya bilən bütün döyüş təyyarələri və helikopterləri tərəfindən istifadə oluna bilir.
Hələlik Ukrayna Müdafiə Qüvvələrinin bu lazer tuşlamalı sursatları hansı buraxma qurğuları ilə atacağı məlum deyil. Güman ki, bunlar avtomobil şassilərində və ya bu məqsədlər üçün təkmilləşdirilmiş zirehli texnikalar üzərində mobil qurğular olacaq.
Əhəd Əzizov