
ABŞ və Almaniya şirkətləri arasında “Stinger” raketinin istehsalı ilə bağlı memorandum imzalanıb
“Raytheon” (ABŞ) və “Diehl Defence” (Almaniya) şirkətləri Avropada “Stinger” raketinin əsas elementlərinin birgə istehsalı üçün Anlaşma Memorandumu imzalayıblar.
“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, bu razılaşma “Diehl Defence”də “Stinger” raketlərinin istehsalının genişləndirilməsi üçün zəmin yaradır və şirkətin böyümə planının bir hissəsidir.
“Raytheon”un Quru və Hava Müdafiə Sistemləri bölməsinin prezidenti Tom Laliberty bildirib ki, “Stinger”, Almaniya və digər doqquz NATO üzvü də daxil olmaqla, 24 ölkə tərəfindən seçilən “yer-hava” tipli raketdir: “Hazırda “Stinger”ə tarixi dərəcədə yüksək tələbat müşahidə edirik, çünki o, müxtəlif qısa mənzilli təhdidlərə qarşı bənzərsiz effektivliyi və uğurları ilə seçilir”.
“Stinger” raketi yüngül, döyüşdə sınaqdan çıxmış və tamamilə müstəqil hava hücumundan müdafiə sistemidir. O, Quru Qoşunlarının bölmələri tərəfindən qanadlı raketlərə və təyyarələrə qarşı tətbiq olunur.
““Diehl Defence” üçün “Stinger” raketlərinin istehsalının bərpası bu məhsul sahəsində sınaqdan keçmiş imkanlarımıza və təcrübəmizə əsaslanır və hava hücumundan müdafiə sistemləri bazarındakı möhkəm mövqeyimizə tam uyğun gəlir”, – deyə “Diehl Defence”in baş direktoru Helmut Rauch qeyd edib.
“Diehl Defence” istehsal gücünün artırılması üçün müxtəlif variantları, həm mövcud sahələrdə, həm də digər yerlərdə qiymətləndirir.