ABŞ xüsusi təyinatlıları yeni ELR-SR snayper tüfəngləri ilə təchiz oluna bilər

ABŞ xüsusi təyinatlıları yeni ELR-SR snayper tüfəngləri ilə təchiz oluna bilər

ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı (USSOCOM) öz döyüşçülərini yeni həddindən artıq uzun mənzilli snayper tüfəngi (ELR-SR – Extreme Long Range-Sniper Rifle) ilə silahlandırmağı planlaşdırır.

“Poliqon” “System for Award Management” saytına istinadən xəbər verir ki, yeni ELR-SR, ABŞ xüsusi təyinatlılarının istifadəsindəki .50 (12.7×99 mm) çaplı Barrett M107 və .50 çaplı McMillan Mk-15 snayper tüfənglərini əvəz edəcək.

Yeni silah üçün əsas tələblərdən biri atış məsafəsinin 2500 m-ə qədər artırılmasıdır. Eyni zamanda tüfəng sələflərindən daha qısa və yüngül olmalıdır.

Belə niyyətlərlə bağlı ilk məlumat ötən ilin dekabrında ortaya çıxıb. O zaman Xüsusi Əməliyyat Qüvvələrinin Satınalmalar, Texnologiyalar və Logistika Mərkəzi (Special Operations Forces Acquisition, Technology, and Logistics Center – SOF AT&L) əvvəlcə təchizatçıları axtaran elan dərc etmiş və daha sonra yeni ELR-SR snayper tüfəngi üçün əsas tələblər formalaşdırmışdır.

İlk növbədə, yeni tüfəng lazımi dəqiqlik və aşağı təpmə göstəricilərinə malik olmaqla 2500 m məsafədəki hədəfləri vurmalı olacaq. SOF AT&L həmçinin bildirir ki, xüsusi təyinatlılar üçün yeni silahın ölçüləri 56 düymdən (142 sm), tüfəngin boş maqazinlə maksimal çəkisi isə 18 funtdan (8.1 kq) çox olmamalıdır.

ELR-SR sistem tələblərinə səsboğucu, ballistik kompüter, operator təlimatı, təmizləyici dəst, alətlər dəsti, mahmız və Nəqliyyat Təhlükəsizliyi İdarəsi (Transportation Security Administration – TSA) tərəfindən təsdiqlənmiş kilidlənən daşıma qutusu kimi müxtəlif aksessuarlar daxildir. Üstəlik, uzunluğu 20 sm-dən çox olmayan səsboğucu tüfəngin səsini 140 dB və ya daha az azaltmağa qadir olmalıdır.

USSOCOM nümayəndələrinin fikrincə, ELR-SR tüfəngi Picatinny və Magpul M-LOK tamasaları ilə təchiz olunmalıdır ki, bu tamasalarda optika və müxtəlif aksessuarlar quraşdırmaq mümkün olsun.

Yeganə açıq sual yeni tüfəngin çapıdır, lakin müxtəlif döyüş sursatı növləri arasında keçid etməyə imkan verən modul konstruksiyaya ehtiyac var. Bundan başqa, .50 çaplı Barrett M107 və McMillan Mk 15 tüfənglərindən daha kiçik çapa keçid seçimi istisna edilmir.

“Əgər sistemin əsas çapı Müdafiə Nazirliyinin təsdiq etdiyi cari döyüş sursatı deyilsə, təklif olunan sistem tez dəyişdirmə dəstindən istifadə edərək cari .300 Norma Magnum döyüş sursatına çevrilə bilməlidir”, – deyə müqavilənin bağlanması barədə bildirişdə qeyd olunur.

Əgər USSOCOM özünün ELR-SR tələblərinə cavab vermək üçün yeni tüfəng almağa qərar verərsə, bu, ABŞ xüsusi əməliyyatlar cəmiyyətinin dəqiq tüfəng arsenalında əhəmiyyətli dəyişiklikləri qeyd edə bilər. Müşahidəçilər belə qənaətə gəliblər ki, bu, ABŞ Ordusu tərəfindən əfsanəvi M82/M107, eləcə də Mk 15 tüfəngindən daha ciddi addım olacaq.

Əhəd Vahidoğlu

CATEGORIES