ABŞ yeni HAWC hipersəsli raketin sınaqlarını keçirib

ABŞ yeni HAWC hipersəsli raketin sınaqlarını keçirib

ABŞ-ın “Lockheed Martin” şirkəti “Aerojet Rocketdyne” şirkətinin istehsalı olan düzaxınlı mühərriklə təchiz edilmiş hipersəsli raket yaradıb və onu uğurla sınaqdan keçirib.

Bu barədə “Poliqon” ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyinin (Defense Advanced Research Projects Agency – DARPA) mətbuat xidmətinə istinadən məlumat verib.

Yeni hipersəsli raket HAWC (Hypersonic Air-breathing Weapon Concept) proqramı çərçivəsində hazırlanıb.

Sınaqlar zamanı “Lockheed Martin” şirkəti tərəfindən inkişaf etdirilmiş hipersəsli raket təyyarədən uğurla ayrılıb, sürət yığmış və uzun vaxt ərzində “5 Mach”dan (səs sürətindən beş dəfə çox) artıq kreyser sürətini saxlayıb. Raket 19.8 km-dən çox yüksəkliyə çatıb və 300 dəniz milindən (555 km) çox uçub.

Qeyd edək ki, hələ 2020-ci ildə DARPA “Lockheed Martin” və “Raytheon Technologies” şirkətləri tərəfindən hazırlanmış hər iki raket nümunəsinin təyyarə ilə uyğunluq testindən uğurla keçdiyini bildirmişdi. Qanad altında quraşdırılan prototip raketlərin bütün uçuşlarına DARPA və ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri tərəfindən irad bildirilməyib. “Raytheon Technologies” şirkəti tərəfindən hazırlanmış HAWC raketinin uçuş sınaqları ötən ilin sentyabrında uğurla başa çatıb (həmçinin bax: ABŞ-da HAWC hipersəsli raketin sınaqları baş tutub).

DARPA-nın rəsmi press-pelizinə görə, toplanmış məlumatlar hazırda təhlil edilir. Onun nəticələrinə əsasən, HHQ-yə perspektivli texnologiyalar və imkanlar haqqında bütün lazımi məlumatlar təqdim ediləcək. Qeyd olunur ki, HAWC proqramı çərçivəsində iki raket konstruksiyası uğurla nümayiş etdirilib və sifarişçi daha uyğun olanını seçə biləcək.

Xatırladaq ki, HAWC hipersəs silahlar yaratmaq üçün ABŞ Müdafiə Nazirliyinin çoxsaylı proqramlarından biridir.

DARPA-da qeyd olunub ki, raketin döyüş başlığının hədəfə süzəcəyi atmosferin yuxarı qatlarına və ya hətta ondan kənara çatdırıldığı digər hipersəs raket layihələrindən fərqli olaraq, HAWC sürət və manevr qabiliyyətinin vaxtında aşkarlanmasını çətinləşdirən oksigenlə zəngin atmosferdə daha yaxşı işləyir.

Həmçinin, yaradıcıların sözlərinə görə, raket əhəmiyyətli kinetik enerjiyə malikdir ki, bu da onu fuqas partlayıcı maddələr olmadan belə istifadə etməyə imkan verir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS