ADAS-2022: “Otokar” Filippində xidmətə hazırdır

ADAS-2022: “Otokar” Filippində xidmətə hazırdır

Türkiyənin “Otokar” şirkəti Filippinin paytaxtı Manila şəhərində keçirilən ADAS-2022 müdafiə və təhlükəsizlik sərgisində zirehli döyüş maşınlarını, o cümlədən istehsal, dizayn, texnologiya transfer imkanlarını təqdim edib.

“Otokar” şirkətindən “Poliqon”a verilən məlumata görə, “Otokar” Filippin Ordusunun yüngül taktiki avtomobil layihəsi üçün 4×4 təkər formuluna sahib “Cobra-II” taktik təkərli zirehli nəqliyyat vasitəsini təklif edib.

Qeyd edək ki, “Cobra-II” zirehli maşınları Türkiyə və Azərbaycan Silahlı Qüvvələri daxil olmaqla 10-dan çox istifadəçiyə çatdırılıb. İndiyədək müxtəlif konfiqurasiyalarda 700 ədəd istehsal edilən “Cobra-II” nəqliyyat vasitəsinin seriyalı istehsalı davam etdirilir.

Modul tipli nəqliyyat vasitəsi olan “Cobra-II” müştərilərinin tələblərinə cavab vermək üçün müxtəlif mühafizə səviyyəsi və silah sistemi ilə konfiqurasiya edilə bilər.

Bundan başqa, sərgidə “Otokar” şirkəti Filippin Ordusunun elan etdiyi yüngül tank layihəsi üçün “Arma 8×8” amfibiya tipli zirehli döyüş maşınını təqdim edib.

Bu günədək ikidən çox müştəriyə çatdırılan “Arma 8×8” müxtəlif konfiqurasiyalarda 400 ədəddən çox istehsal edilib və hazırda seriyalı istehsalı davam etdirilir. Modul tipli nəqliyyat vasitəsi olan “Arma 8×8” müştəri tələblərinə uyğun olaraq müxtəlif silah sistemləri, mühafizə səviyyəsi və faydalı yüklərlə konfiqurasiya edilə bilər.

“Otokar” şirkətinin baş direktor Sərdar Görgüç NATO və Birləşmiş Millətlər Təşkilatının təchizatçısı olaraq “Otokar”ın hərbi vasitələrinin 35-dən çox ölkədə fərqli coğrafiyalarda, çətin iqlim şərtlərində aktiv şəkildə istifadə olunduğunu bildirib.

“Quru sistemlərində və əlaqəli Ar-Ge (araşdırma və inkişaf), mühəndislik və sınaq fəaliyyətlərində, döyüşdə sübut edilmiş “nou-hau”, eləcə də geniş məhsul çeşidimiz bizi qlobal müdafiə sənayesində ön sıralara aparır”, – deyə “Otokar” şirkətinin baş direktoru vurğulayıb.

Sərdar Görgüç “Otokar”ın texnologiya transferi və lokallaşdırma proqramları ilə seçildiyini də diqqətə çatdırıb: “Filippindəki satınalma layihələrini yaxından izləyirik. ADAS sərgisi öz imkanlarımızı nümayiş etdirmək üçün yaxşı fürsət oldu. Filippin Silahlı Qüvvələrinin tələblərinə əhəmiyyət veririk və bu ölkədə xidmətə hazırıq. Habelə, müdafiə məqsədlərinə uyğun olaraq yerli əməkdaşlığı inkişaf etdirir, yerli dəstək xidməti və montaj üçün texnologiya transferini həyata keçirməyə hazırıq”.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS