ADEX-2016: “Mbombe” Bakıda nümayişə çıxarılır
“Paramount Group” şirkətinin istehsalı olan “Mbombe” piyada döyüş maşının 6×6 təkər formuluna malik modifikasiyası ADEX-2016 beynəlxalq müdafiə sərgisində nümayiş olunacaq.
“AzeriDefence”nin məlumatına görə, sərgidə nümayiş olunacaq maşın Bakıdadır. Maşın Bakı Ekspo Mərkəzinin açıq ekspozisiyasında sərgilənəcək.
Qeyd edək ki, Azərbaycan tərəfi “Mbombe” piyada döyüş maşını ilə yaxından maraqlandığını hələ bir neçə il əvvəl ifadə etmişdi. Ötən il maşın testlər və nümayiş üçün Bakıya gətirilib.
Hazırda “Mbombe” Qazaxıstanda “Barıs” adı ilə istehsal olunur. Eyni zamanda İordaniya CAR-a bu maşınlardan sifariş verib.
Qeyd edək ki, boş halda çəkisi 17300 kq, döyüş çəkisi 22500 kq təşkil edən 6×6 “Mbombe” 11 heyəti daşıyır. 336 kw (450 at) turbodizel mühərrikə və avtomatik transmissiyaya malik maşın ABC pnevmatik tormoz sisteminə malikdir. Döyüş maşını heyətin daşınması ilə yanaşı sanitar, komanda-qərargah, yük daşınması kimi məqsədlər üçün də istifadə olunur. Maaksimal sürəti 110 km/saat, gediş ehtiyatı 1000 km olan “Mbombe” <10m məsafədə dönür, 70 dərəcə bucaq altında yüksəkliyə dırmana bilir. Bundan başqa, döyüş maşınının salonu iqlim idarə etmə sistemi və kondisionerlə də təchiz edilib. “Mbombe”də minaya qarşı qorumalı nəqliyyat vasitələrində tətbiq edilən ənənəvi V formalı altlıqdan imtina edilib. Düz döşəmə əlavə zirehlə gücləndirilib. Maşının gövdəsinin balistik müdafiəsi STANAG 4569 level 3, tank əleyhinə minalara qarşı dayanıqlığı STANAG 4569 Level 4a və 4b tələblərinə (10 kq TNT) cavab verir. “Mbombe”nin gücləndirilmiş zirehi heyətin ətrafda 155 mm-lik artilleriya mərmisinin partlayışından, həmçinin 14.5 mm-lik B-32 güllələrindən, 200 metr məsafədə KPVT pulemyotundan açılan atəşdən müdafiəsini təmin edir.
“Mbombe”nin ən böyük üstünlüklərindən biri də onun əldə qayırma partlayıcılara (İED) qarşı yüksək müdafiə təmin etməsidir. Testlər zamanı döyüş maşını 5 metr məsafədə 50 kq TNT partlayışına dözümlülüyünü sübuta yetirib. Daxildə qurulan xüsusi kreslolar partlayışlar zamanı ekipajın travma almasını önləyir. Ehtiyac duyulduğu zaman maşını RPQ və zirehdələn mərmilərə qarşı əlavə zirehlə gücləndirmək mümkündür.
“Mbombe” universal platform olduğundan ona istənilən ölkənin istehsalı olan silah sistemlərini inteqrasiya eləmək mümkündür. Məsələn, ilk eksperimental nümunələri 30 mm çaplı topla silahlandırılsa da İordaniya və Qazaxıstanın sifarişlərində fərqli kalibrli silahlar qurulmuş döyüş modulları tətbiq edilib.