ADEX-2016: “Rafael” “Samson MLS” döyüş modulunu sərgiləyir
İsrailin “Rafael” şirkəti ADEX-2016 sərgisində bu ilin iyun ayından Azərbaycan Ordusunun silahlanmasında yer alan “Samson MLS” döyüş modulunu nümayişə çıxarıb.
“AzeriDefence”nin məlumatına görə, şirkət nümayəndələri döyüş modulunun universal olduğunu, üzərinə istənilən çapda silahın inteqrasiya oluna bildiyini qeyd ediblər.
Asanlıqla 4×4, 6×6, 8×8 təkər formuluna malik döyüş maşınlarına inteqrasiya oluna bilən “Samson MLS” distans döyüş moduluna 12,7 mm və 7.62 mm-lik pulemyot, habelə iki ədəd “Spike” tipli tank əleyhinə idarə olunan raket buraxıcı qurğusu yerləşdirmək mümkündür. Döyüş modulu NATO standartlı 12.7 mm və ya Rusiya istehsalı 14,5 mm KPVT pulemyotu ilə silahlandırıla bilər. “Samson MLS” modulunun üzərində hədəfi hər cür hava şəraitində izləməyə imkan verən optik sistemlər və lazer məsafəölçən yer alır.
“Samson MLS” döyüş modulu həm “Rafael”in stendində stasionar, həm də “Plasan” şirkətinin istehsalı olan “SandCat” zirehli avtomobilinin üzərində nümayiş olunur.