
AIM-9X raketləri Polşanın FA-50PL təyyarələrinə inteqrasiya ediləcək
Polşa Silahlanma Agentliyi FA-50PL təyyarələri ilə bağlı müqavilələr imzalayıb.
“Poliqon” Polşa Silahlanma Agentliyinə istinadən xəbər verir ki, ABŞ hökuməti ilə bağlanan müqavilə FA-50PL təyyarələrinin AIM-9X raketləri ilə tam inteqrasiyasına dəstək göstərilməsini nəzərdə tutur.
Bu addım Polşa Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sahəsində imkanlarını gücləndirməklə yanaşı, NATO müttəfiqləri ilə, xüsusilə hava məkanının mühafizəsi missiyaları və Quru Qoşunlarına birbaşa hava dəstəyi əməliyyatları çərçivəsində qarşılıqlı fəaliyyət qabiliyyətini artırır.
Digər müqavilə isə Polşa Silahkanma Agentliyi ilə “Korea Aerospace Industries” (KAI) arasında imzalanıb. Bu müqaviləyə görə, 36 ədəd FA-50PL təyyarəsinin tədarük qrafikinin yenilənməsini planlaşdırılıb. Belə ki, mövcud geosiyasi vəziyyət, real təchizat zəncirləri və təyyarələrin istehsalının texnoloji prosesi nəzərə alınaraq, tədarük prosesinin 2029-cu ilin əvvəllərində tamamlanması nəzərdə tutulub.


