
“Airbus Defence and Space” şirkəti Krit adasında keçirilən NATO-nun SPARTAN ARROW 26 təlimi zamanı Almaniya və İsveçin hava hücumundan müdafiə (HHM) sistemlərinin əsas komponentlərini uğurla inteqrasiya edib.
“Poliqon” “Airbus”a istinadən xəbər verir ki, ilk dəfə olaraq Almaniya Hərbi Hava Qüvvələrinin (HHQ) IRIS-T SLM HHM sistemi və İsveç HHQ-nin “Patriot” HHM sistemi Almaniyanın SAMOC (Surface-to-Air Missile Operations Centre) komanda məntəqəsinə qoşulub. Hava hücumundan müdafiə vasitələrinin koordinasiyasını təmin edən bu məntəqə, sistemlərin idarə olunması üçün mərkəzi proqram təminatı rolunu oynayır.
“Airbus” Almaniya və İsveç Silahlı Qüvvələri ilə sıx əməkdaşlıq çərçivəsində real şəraitə yaxın mühitdə və real vaxt rejimində pilotsuz uçuş aparatlarına və qanadlı raketlərə qarşı müdafiə məqsədilə sistemlərin fasiləsiz qarşılıqlı fəaliyyətini nümayiş etdirib.
SAMOC sisteminə uğurlu inteqrasiya nəticəsində IRIS-T SLM kompleksi almaniyalı heyətin idarəçiliyi altında ilk döyüş atışını həyata keçirib. Bu, sistemin NATO tərəfindən rəsmi sertifikatlaşdırılması üçün əsas şərtlərdən biridir.
Eyni zamanda, İsveç Hərbi Hava Qüvvələri şəbəkəyə inteqrasiya olunmuş sistem vasitəsilə “Patriot” kompleksindən ilk müstəqil döyüş atışını həyata keçirib. Bu hadisə İsveçin “Patriot” sistemlərinin NATO tərəfindən sertifikatlaşdırılması və təsdiqlənməsi, eləcə də Almaniya ilə iki ölkəli qarşılıqlı fəaliyyət imkanlarının nümayiş etdirilməsi baxımından əhəmiyyət daşıyır.
Bundan əlavə, “Airbus” Almaniya Quru Qoşunlarının yaxın mənzilli pilotsuz uçuş aparatlarına qarşı müdafiə üçün nəzərdə tutulmuş “LeFlaSys” yüngül hava hücumundan müdafiə sistemini də şəbəkəyə inteqrasiya edib. Bununla da uzaq, orta və yaxın mənzilləri əhatə edən çoxqatlı müdafiə zənciri yaradılıb.
“Airbus Defence and Space” şirkətinin Müdafiə Rəqəmsallaşdırılması və Kibertəhlükəsizlik bölməsinin rəhbəri Andreas Reinecke bildirib ki, müasir dövrdə effektiv hava hücumundan müdafiə ayrı-ayrı məhsulların göstəricilərindən deyil, vahid və fasiləsiz inteqrasiya olunmuş imkanlar sistemindən asılıdır: “Kritdə komanda-idarəetmə həllimiz hədəfin ilkin aşkarlanmasından dəqiq zərbəyədək sistemlər arasında qarşılıqlı fəaliyyətin nə dərəcədə səmərəli olduğunu nümayiş etdirdi. SAMOC komanda məntəqəsi ayrı-ayrı silah sistemlərini Avropa üçün etibarlı rəqəmsal müdafiə qalxanında birləşdirir”.
Qeyd olunub ki, real əməliyyat şəraitində əldə edilən buraxılış zolağının ötürmə qabiliyyəti, reaksiya müddəti və radioelektron maneələrə davamlılıqla bağlı göstəricilər NATO-nun şəbəkələşdirilmiş komanda-idarəetmə imkanlarının gələcək inkişafında istifadə olunacaq.





