“Airbus Helicopters” Özbəkistana VTOL tipli PUA tədarük edəcək

“Airbus Helicopters” Özbəkistana VTOL tipli PUA tədarük edəcək

“Airbus Helicopters” şirkəti hərbi və ikili təyinatlı avadanlıqların idxalına cavabdeh olan Özbəkistan dövlət unitar müəssisəsi “Uztechtrade” ilə açıqlanmayan sayda “Flexrotor” sistemlərinin tədarükü üçün müqavilə imzalayıb.

Bu barədə “Poliqon” “Airbus” şirkətinə istinadən xəbər verib.

“Özbəkistan “Airbus Helicopters” üçün uzunmüddətli və dəyərli tərəfdaşdır və “Uztechtrade”in pilotsuz imkanlarını genişləndirmək üçün ən müasir “Flexrotor” sistemini seçməsindən qürur duyuruq. Bu müqavilə mühüm bir mərhələdir, çünki Özbəkistan Mərkəzi Asiyada “Flexrotor”un ilk müştərisi olur. Bu seçim Özbəkistanın innovativ texnologiyaların tətbiqinə olan sadiqliyini vurğulayır və idarə olunan və pilotsuz platformalar üzrə əməkdaşlığımızı daha da gücləndirir” – deyə “Airbus Helicopters”in Qlobal Biznes üzrə İcraçı vitse-prezidenti Olivye Mişalon bildirib.

Qeyd olunub ki, müxtəlif missiyaları yerinə yetirə bilən “Flexrotor” PUA, əsasən ISTAR tapşırıqları üçün nəzərdə tutulub. Özbəkistan “Flexrotor” sistemini insanlı helikopterlərlə inteqrasiya edərək qabaqcıl “Crewed-Uncrewed Teaming” ssenarilərində istifadə etməyi planlaşdırır ki, bu da situasiya məlumatlılığını və əməliyyat effektivliyini artıracaq.

“Flexrotor”, “Airbus”ın pilotsuz uçuş aparatları portfelinə daxil edilən ən yeni sistemdir. Maksimal uçuş çəkisi 25 kq (55 lb) olan, müasir vertikal qalxma-enmə (VTOL) tipli bu PUA, ISTAR missiyalarını tipik əməliyyat konfiqurasiyasında 12-14 saatdan çox müddətdə həyata keçirmək üçün hazırlanıb. O, elektro-optik sistem və müştərilərin xüsusi ehtiyaclarına uyğunlaşdırıla bilən müxtəlif qabaqcıl sensorlar daxil olmaqla müxtəlif faydalı yükləri daşıya bilir. “Flexrotor” həm quru, həm də dənizdən cəmi 3,7 x 3,7 metr (12 x 12 fut) sahə tələb etməklə tam avtomatik şəkildə qalxıb-enə bildiyi üçün az resurs tələb edən ekspedisiya missiyaları üçün ideal həll sayılır.

CATEGORIES
TAGS