“Ajax” transportyorunun sınaqları zamanı ciddi problemlər ortaya çıxıb
Böyük Britaniya silahlı qüvvələri “General Dynamics” şirkətinin istehsalı olan “Ajax” zirehli transportyorunun sınaqlarını keçirib.
“Poliqon”un məlumatına görə, “Ajax” zirehli transportyorunun sınaqları zamanı bəzi ciddi problemlər ortaya çıxmışdır:
– yüksək vibrasiya və səs-küy səbəbindən saatda 20 mildən (32 km-dən) artıq sürətlə hərəkət edə bilmir;
– yüksək vibrasiya və səs-küy səbəbindən heyət sınaq maşınlarında gündəlik 90 dəqiqədən artıq işləyə bilmir;
– döyüş maşını hərəkətdə olan zaman vibrasiya səbəbindən atəş aparmaq mümkün deyil;
– arxaya hərəkət edən zaman dəf edə biləcəyi maneələrin hündürlüyü 20 sm-dən artıq deyil.
Qeyd edək ki, 2014-cü ilin sentyabr ayında Böyük Britaniya ilə “General Dynamics” şirkəti arasında 589 ədəd AJAX nəqliyyat vasitəsinin alqı-satqısına dair 3.5 milyard funt sterlinq dəyərində müqavilə imzalanıb. 2015-ci ilin iyul ayında tərəflər arasında əlavə olaraq 390 milyon funt sterlinq dəyərində müqavilə bağlanıb. Müqavilələr çərçivəsində “General Dynamics” şirkəti İngiltərə Silahlı Qüvvələrini 2024-cü ilə qədər AJAX zirehli maşınları və əlavə avadanlıqlarla təchiz edəcək.
Onu da vurğulamaq yerinə düşər ki, “General Dynamics” şirkəti tərəfindən Böyük Britaniya Ordusunun ehtiyaclarını qarılamaq məqsədilə AJAX proqramı çərçivəsində hazırlanan zirehli maşnların “Ajax”, “Ares”, “Apollo”, “Athena”, “Atlas” və “Argus” adlı 6 versiyası mövcuddur.
Əhəd Əzizov