“Aksunqur” PUA MAM-L ilə ilk dəfə gəmi hədəfini vurdu – VİDEO
Türkiyə Hərbi Dəniz Qüvvələrinin istismarına yeni verilmiş “Aksunqur” pilotsuz uçuş aparatı (PUA) ilə “Mavi Vətən-2022” təlimi çərçivəsində növbəti döyüş atışları icra edilib.
“Poliqon”un məlumatına görə, “Aksunqur” PUA “Roketsan” şirkətinin istehsalı olan MAM-L ağıllı aviasiya sursatı ilə ilk dəfə gəmi hədəfini vurub.
Xatırladaq ki, bundan əvvəl “Mavi Vətən-2022” təlimi çərçivəsində “Aksunqur” PUA MAM-L ilə şərti düşmənin suüstü sabit hədəfini vurmuşdu.
Qeyd edək ki, TUSAŞ şirkətinin istehsalı olan “Aksunqur” PUA 2021-ci ildə 12 ədəd MAM-L sursatı ilə 20 000 fut yüksəklikdə 28 saat uçuş həyata keçirib. İnkişaf fəaliyyətləri davam edən “Aksunqur”un gələcəkdə 24 ədəd MAM-L ilə uçuşlarının keçiriləcəyi planlaşdırılır.
“Aksunqur” PUA 750 kq faydalı yük daşıma qabiliyyəti ilə gecə/gündüz istənilən hava şəraitində 60 saat havada qala bilir. PUA fasiləsiz kəşfiyyat, müşahidə, nəzarət və hücum tapşırıqlarını yerinə yetirmə qabiliyyətlərinə malikdir.
Rizvan Fikrətoğlu