“Albatros” insansız katerinin növbəti sınağı keçirilib
Türkiyənin ASELSAN şirkəti tərəfindən inkişaf etdirilən kamikadze tipli “Albatros” insansız katerinin növbəti sınağı keçirilib.
“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, sınaq çərçivəsində sürü halında fəaliyyət göstərən 8 ədəd “Albatros” insansız kateri təyin olunmuş hədəf gəmiyə hücum edib.
Ssenariyə uyğun olaraq, əvvəlcə hədəf Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxus “Bayraktar TB2” pilotsuz uçuş aparatı (PUA) tərəfindən aşkarlanıb. Daha sonra sürü halındakı “Albatros-Kamikaze” katerləri aşkar edilən hədəfə yönəldilib. Bu zaman “Roketsan” şirkətinin hazırladığı döyüş sursatı ilə təchiz olunan “Albatros-Kamikaze” sürüsündəki insansız katerlərdən biri özünü gəmiyə çırparaq hədəfi məhv edib. Müvəffəqiyyətlə başa çatan sınaq zamanı 22 metrlik hədəf gəmi dəqiqələr ərzində suya batıb.
Beləliklə, dünyada ilk dəfə olaraq PUA və kamikadze tipli insansız kater sürüsü birgə hücum əməliyyatı həyata keçirib.
Qeyd edək ki, sınaq Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Ercüment Tatlıoğlu, Müdafiə Sənayesi (SSB) başqanı Haluk Görgün, ASELSAN-ın baş direktoru Ahmet Akyol və digər rəsmilər tərəfindən izlənilib.